Teymur Musayev: "Xüsusi karantin rejiminin tamamilə aradan qaldırılmasına tələsməməliyik"
![Teymur Musayev: "Xüsusi karantin rejiminin tamamilə aradan qaldırılmasına tələsməməliyik"](/uploads/posts/2022-06/1654761166_nazir-musahibe.jpg)
Ölkəmizdə xüsusi karantin rejiminin tamamilə ləğv olunması məsələsində tələskənliyə yol verməmək, gözləmək məsləhətdir.
Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə müsahibəsində deyib.
“Məlumdur ki, ölkəmizdə qapalı məkanlarda maska istifadəsi tələbi ləğv olunub. Demək olar ki, xüsusi karantin rejiminə dair çox az sayda məhdudiyyətlər qalıb. Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru Hans Klügenin ölkəmizə səfəri zamanı da bununla bağlı müzakirələr aparılıb. O da öz açıqlamalarında qeyd etmişdi ki, payız aylarında xüsusilə diqqətli olmalıyıq. SARS-CoV-2 virusu dəfələrlə mutasiyaya uğradığına, yeni variantların meydana gəlib-gəlməyəcəyini bilmədiyimizə görə, hələ ki, gözləmək məsləhətdir”, - deyə nazir bildirib.
Teymur Musayev həmçinin məlumat verib ki, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb qurumlarında işləyən həkimlərin də əməkhaqlarında artımların olacağı nəzərdə tutulub. Bunun üçün xüsusi mexanizmlər hazırlanacaq.
Səhiyyə naziri jurnalistlərə açıqlamasında onu da qeyd edib ki, Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə Azərbaycanın regionlarında tibb işçilərinin çatışmazlığının aradan qaldırılması ilə bağlı xüsusi proqram hazırlayır.
Nazir bildirib ki, həmin proqram çərçivəsində müəyyən mexanizmlər işlənib təklif olunacaq. Bununla da nəinki gənc, həmçinin peşəkar və təcrübəsi olan həkimlər də regionlarda vətəndaşlara xidmət göstərəcəklər.