Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı keçirilib
Milli Məclisdə İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament Assambleyasının (PA) “Postpandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusuna həsr olunmuş Üçüncü Ümumi Konfransı keçirilib.
Parlamentin sədri Sahibə Qafarova Pakistan İslam Respublikasının Milli Assambleyasına İƏT PA-ya uğurlu sədrliyinə, Assambleyanın təsisatlandırılması baxımından gördüyü işlərə görə minnətdarlığını bildirib.
İƏT PA-nın Baş katibi Tahir Hüsseyn diqqətə çatdırıb ki, tədbirdə qurumun İkinci Ümumi Konfransının hesabatı təqdim olunub. İcraiyyə Şurası Bakı Bəyannaməsini təsdiq edib və o, bütün nümayəndə heyətləri tərəfindən imzalanacaq.
Üçüncü Ümumi Konfransda çıxış edən Milli Məclisin sədri bildirib ki, konfransın mövzusu olduqca aktualdır: “COVID-19 pandemiyası qlobal iqtisadiyyata, səhiyyəyə və ictimai həyatın bütün sahələrinə kəskin şəkildə təsir göstərməklə ciddi çətinliklər yaradıb. Təəssüf ki, dünya ictimaiyyəti bu çətinliklərə hazırlıqlı olmayıb və böhrandan çıxış yollarının tapılması üçün müəyyən vaxt tələb olunub. Pandemiyanın yaratdığı problemlərin bir-biri ilə bağlı olması və ilk növbədə, sosial-iqtisadi yükünün ağır olması fonunda, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması üçün qlobal səylərin səfərbər olunması zəruri idi”.
Spiker deyib ki, Azərbaycan Respublikası bu istiqamətdə bir sıra uğurlu qlobal təşəbbüslər irəli sürüb. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirilib, ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edilib. Digər tərəfdən, Azərbaycan pandemiyadan ən çox əziyyət çəkən ölkələrə maliyyə və humanitar yardım göstərib, xəstəlik əleyhinə peyvənd ianə edib.
Milli Məclisin sədri bildirib ki, pandemiya tamamilə aradan qalxmasa da, kəskin dövrü geridə qalıb. İndi biz növbəti addımlara hazır olmalı və gələcək mümkün çağırışlarla daha güclü mübarizə aparmaq üçün postpandemiya dövründə bərpa məsələlərinə daha çox diqqət yetirməliyik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev artıq pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərlə bağlı konkret tövsiyələr hazırlaya biləcək BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin təsis edilməsi təşəbbüsünü irəli sürüb.
Sonra İƏT PA-nın Üçüncü Ümumi Konfransında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər.
Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf quruma üzv ölkələrin xalqlarının ümumi dəyərləri bölüşdüyünü söyləyib. Mövcud problemlərin həlli istiqamətində birgə səylərin önəmli olduğunu deyib.
Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda COVID-19 pandemiyasının bütün dünyada yaratdığı fəsadlardan danışıb, pandemiyanın nəticələrinin aradan qaldırılması üçün ölkəsində görülən işlərdən bəhs edib. Bu istiqamətdə qarşılıqlı əməkdaşlığın vacibliyini qeyd edib.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib ki, iqtisadi və sosial inkişafın davamlılığına nail olmaq üçün qarşılıqlı inteqrasiya və əməkdaşlıq çox vacibdir və Türkiyə bu istiqamətdə öz dəstəyini hər zaman göstərməyə hazırdır. Mustafa Şentop koronavirus pandemiyasının bütün dünyada sosial, iqtisadi, humanitar sahələrdə çox dərin problemlər yaratdığını deyib. Qeyd edib ki, bu problemlərin həlli üçün birgə hərəkət və beynəlxalq həmrəylik prioritet məsələyə çevrilib. Pandemiyaya qarşı mübarizə ilə bağlı, o cümlədən sosial məsələlərin nəzərə alınması, maliyyə resurslarından səmərəli istifadə edilməsi sahəsində qəbul olunmuş qərarların qanunvericilik baxımından dəstəklənməsi çox önəmlidir.
Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilov, İran İslam Respublikası İslam Şurası Məclisi sədrinin müavini Əli Nikzad, Qazaxıstan Respublikası Parlamenti Məclisi sədrinin müavini Balaim Kesebayeva, Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini Ulan Primov postpandemiya dövründə regional əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində İƏT PA-ya üzv ölkələrin qarşısında duran məqsədlərdən danışıblar.
Konfransda iştirak edən İƏT Baş katibi Xusrav Noziri Azərbaycan hökumətinə, Milli Məclisin sədri Sahibə Qafarovaya yaradılmış şəraitə görə təşəkkürünü bildirib. O, təşkilatın gələcək fəaliyyət istiqamətləri barədə də fikirlərini açıqlayıb.
Sonra nümayəndə heyətlərinin rəhbərləri Bakı Bəyannaməsini imzalayıblar.