ÜST Avropa regional direktoru Şamaxıda Avropa İmmunlaşdırma Həftəsi kampaniyasında iştirak edib
![ÜST Avropa regional direktoru Şamaxıda Avropa İmmunlaşdırma Həftəsi kampaniyasında iştirak edib](/uploads/posts/2022-05/1652173162_16510599927472690_1000x669.jpg)
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klüge ölkəmizə səfəri çərçivəsində ÜST-nin Azərbaycanda “İlkin səhiyyə xidməti üzrə nümayiş” layihəsinin həyata keçirildiyi Şamaxı rayonunu ziyarət edib.
Son iki il ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birlikdə icra olunan bu layihə USAID və UKAID təşkilatlarının maliyyə dəstəyi ilə gerçəkləşdirilir.
ÜST-nin Avropa üzrə regional direktoru Şamaxıda Avropa İmmunlaşdırma Həftəsi çərçivəsində keçirilən tədbirlərə qatılıb. Qonaqlar Şamaxı Olimpiya Mərkəzində keçirilən tədbirə, daha sonra rayonun Göylər kəndində ilkin səhiyyə xidməti məntəqəsinə, səyyar klinikaya və immunlaşdırma stendinə baş çəkib, tibb işçiləri və tələbələrlə görüşüblər. İmmunlaşdırma Həftəsi çərçivəsində həyata keçirilən tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verilib.
Daha sonra qonaqlar ilkin səhiyyə xidmətinin təkrar təşkili modeli ilə tanışlıq üçün Şamaxı Təlim Mərkəzində olublar.
Tədbirdə çıxış edən Hans Klüge vurğulayıb ki, ilkin səhiyyə xidmətinin gücləndirilməsi universal tibbi təminatın əsasını təşkil edir: “Bu gün yerli, milli və beynəlxalq tərəfdaşların birgə iştirakı ilə Şamaxıda reallaşan layihələr əhalinin sağlamlığını qorumaq üçün əməkdaşlığın parlaq nümunəsidir və səhiyyə xidmətlərini daha əlçatan edir. Avropa immunlaşdırma həftəsi ərzində əhali arasında sağlamlıq monitorinqləri və vaksinasiya zamanı tibb və tibb bacısı tələbələrinin enerjisini və peşəkarlığını görmək bizim üçün ilham mənbəyidir”.
Qeyd edək ki, Avropa İmmunlaşdırma Həftəsinə həsr edilmiş Şamaxı səfəri Avropa İttifaqının maliyyələşdirdiyi və ÜST-nin Azərbaycan nümayəndəliyinin həyata keçirdiyi “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihəsinin altı kənddə gerçəkləşdirdiyi immunizasiya kampaniyası çərçivəsində baş tutub. “Peyvənd ol, sağlam ol, çox yaşa!” şüarı ilə həyata keçirilən kampaniyanın məqsədi təhlükəli xəstəliklərin qarşısının alınmasında, sağlamlığın və insan həyatının qorunmasında immunizasiyanın əhəmiyyəti haqqında əhalini maarifləndirmək və peyvəndləmə əhatəsini artırmaqdır.
Kampaniyanın həyata keçirilməsində Azərbaycan Tibb Universitetinin, 1 və 2 saylı Bakı Tibb Kolleclərinin tələbələri və icma liderləri iştirak edirlər. Kampaniya çərçivəsində əhali arasında COVID-19 və uşaq peyvəndlərinə dair maarifləndirmə işləri, yetkin yaşlı insanların və uşaqların vaksinasiyası, əhalinin sağlamlıq risklərinin qiymətləndirilməsi, uşaqların boy və çəki monitorinqi aparılır. Tələbələr və icma liderləri kənd sakinlərinə baş çəkərək, peyvəndləmədən kənarda qalan uşaqları, peyvənd olunmamış yaşlı şəxsləri vaksinasiyaya dəvət edir, habelə ürək xəstəlikləri risk amillərinin müəyyənləşdirilməsi üçün skrininq testindən keçməyi təklif edirlər.