Teymur Musayev: "Koronavirusun Çində aşkarlanan yeni ştamının törətdiyi xəstəlik zəifdir"

Teymur Musayev: "Koronavirusun Çində aşkarlanan yeni ştamının törətdiyi xəstəlik zəifdir"

Koronavirusun Çində aşkarlanan yeni variantının yoluxuculuğu "omikron"dan daha yüksək ola bilər, amma törətdiyi xəstəlik daha zəifdir.
Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərin suallarını cavablandırarkən söyləyib.
Koronavirusun dəfələrlə mutasiyaya uğradığını xatırladan nazir deyib: “Yeni ştamlar peyda olur. Buna görə biz hər dəfə açıqlama verəndə vətəndaşlarımızı ehtiyatlı olmağa çağırırdıq. Çünki virusun özünü necə aparacağını heç kəs öncədən təxmin edə bilməz. Sevindirici haldır ki, "omikron"dan sonra başlayan son bir neçə mutasiyada virusun yoluxuculuğu zəifləyib, törətdiyi xəstəliyin ağır gedişatı, demək olar ki, çox nadir hallarda baş verir. Ona görə ümid bəsləyirik ki, pandemiya sona doğru inkişaf edir. Bir çox ölkələrdən fərqli olaraq, Çində "sıfır COVID" rejimi ana xətt kimi qəbul olunub. Yəni istənilən kiçik saylarla qeydə alınan yoluxmalar belə, icma və şəhərlərdə tam qapanmaya gətirir. Yeni ştamın da həmin şəraitdə peyda olması ümumilikdə tibb icmasını kifayət qədər gərginləşdirmişdi. Lakin şükürlər olsun, həmin ştam həddən artıq zəifdir".
Səhiyyə naziri həmçinin bildirib ki, hazırda Azərbaycanda COVID-19-la bağlı epidemioloji vəziyyət nəzarət altındadır: “Mayın 1-dən etibarən tibbi maskadan istifadə tələbi ləğv olunsa da, qapalı məkanlarda, əhalinin sıx toplaşdığı yerlərdə maska taxmaq hələ də tövsiyə olunur. İndi vəziyyət sabit olsa da, payıza qədər diqqətli olmaq lazımdır. Çünki pandemiya hələ davam etdiyindən payızda havanın temperaturunun enməsi, respirator xəstəliklərin aktivləşməsi fonunda koronavirusun yeni ştamları yarana bilər”.
Teymur Musayev kütləvi informasiya vasitələri nümayəndələrinə açıqlamasında onu da qeyd edib ki, qalan məhdudiyyətlərin ləğvi məsələsi cari epidemioloji vəziyyətdən asılıdır. Çünki məhdudiyyətlərin hamısının birdən götürülməsi koronavirus infeksiyasına yoluxma saylarının kəskin şəkildə artmasına səbəb olur: “Əsas diqqət edilən rəqəmlər xəstəxanaya yerləşdirilən şəxslərin sayı və infeksiyadan ölüm göstəricisidir. Ölkədə həyata keçirilən uğurlu vaksinasiya kampaniyası və tətbiq edilən əks-epidemioloji addımlar nəticəsində vəziyyət, demək olar ki, stabildir. Rəqəmlər də get-gedə azalmaqdadır. Bununla belə, sayıqlığı itirməməliyik”.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova