Beynəlxalq Komissiyanın nümayəndələri itkin düşənlərin qalıqlarının məhkəmə-tibbi müayinəsi və eyniləşdirilməsi prosesi ilə tanış olublar
![Beynəlxalq Komissiyanın nümayəndələri itkin düşənlərin qalıqlarının məhkəmə-tibbi müayinəsi və eyniləşdirilməsi prosesi ilə tanış olublar](/uploads/posts/2022-05/1652171846_patalojianatomiya.jpg)
Ölkəmizdə rəsmi səfərdə olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberger və ICMP-nin siyasət və əməkdaşlıq üzrə direktoru Andreas Kleyzer Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində (MTEPAB) olublar.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, MTEPAB-nin baş direktoru Ədalət Həsənov Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş minlərlə hərbi və mülki vətəndaşlarımızın qalıqlarının məhkəmə-tibbi müayinəsi və eyniləşdirilməsi işində birlik əməkdaşlarının qarşısında duran vəzifələr barədə qonaqları məlumatlandırıb. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə aşkar olunan kütləvi məzarlıqlardakı qalıqların məhkəmə-tibbi maddi sübutlar şəklində MTEPAB-nin müvafiq şöbələrində qəbulu təşkil edilir. Eyni zamanda, prokurorluq orqanlarının qərarları əsasında təqdim edilmiş qalıqların məhkəmə-tibbi ekspertizası (məhkəmə-tibbi kriminalistik ekspertizası) həyata keçirilir. Həmçinin vurğulanıb ki, ölkə rəhbərliyinin tapşırığı ilə Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş və tanınmadan ölkəmizin müxtəlif şəhər və rayonlarında dəfn edilmiş naməlum şəhid məzarlarında da aidiyyəti hüquq-mühafizə orqanları ilə birlikdə meyitlərin ekshumasiyası, qalıqlarının məhkəmə-tibbi müayinəsi və genetik müayinələrin aparılması məqsədilə nümunələrin götürülməsi birlik əməkdaşları tərəfindən icra edilir.
Beynəlxalq Komissiyanın baş direktoru işğaldan azad edilmiş ərazilərdə aşkar edilən Azərbaycan vətəndaşlarının qalıqlarının məhkəmə-tibbi müayinəsində görülən işləri yüksək qiymətləndirib.
Daha sonra ICMP-nin rəhbərliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin müvafiq şöbələrində, o cümlədən də Səhiyyə Nazirliyi tərəfindən bu məqsədlə xüsusi olaraq yeni yaradılmış II Məhkəmə-tibbi kriminalistika şöbəsində itkin düşmüş şəxslərə məxsus qalıqların məhkəmə-tibbi kriminalistik müayinəsi və saxlanılması şəraiti ilə yaxından tanış olub. Tematik mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.