Avropa İttifaqı-ÜST layihəsi çərçivəsində yerli səhiyyə qurumlarına 600-dən artıq avadanlıq təhvil verilib

Avropa İttifaqı-ÜST layihəsi çərçivəsində yerli səhiyyə qurumlarına 600-dən artıq avadanlıq təhvil verilib

7 Aprel – Ümumdünya Sağlamlıq Günündə Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən həyata keçirilən “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihəsi çərçivəsində ÜST-nin Azərbaycan nümayəndəliyi avadanlıqların təhvil-təslim mərasimini təşkil edib.
Hər il aprelin sonunda keçirilən ənənəvi Avropa İmmunlaşdırma Həftəsi ərəfəsində təşkil olunmuş tədbirdə Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Nadir Zeynalov, ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı, Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə həmin layihə çərçivəsində görülmüş işlər və əldə olunmuş əsas nailiyyətlər qeyd edilib. Ölkədə həm COVID-19, həm də rutin peyvəndlərin saxlanması üçün "soyuq zəncir sistemi"nin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzlərinə hər biri 145 litr peyvənd tutumuna malik 100 peyvənd soyuducusu, TƏBİB-ə isə hər biri 98 litr peyvənd tutumuna malik 200 peyvənd soyuducusu təhvil verilib. ÜST tərəfindən kvalifikasiya olunmuş bütün soyuducular enerji stabilizatoru və 30 günlük temperatur monitorinqini təmin edən cihazla təchiz olunub. Peyvənd soyuducularından əlavə, yerli səhiyyə tərəfdaşlarına səyyar immunlaşdırma kampaniyalarında istifadə məqsədilə xüsusi dizayn edilmiş 122 portativ peyvənd daşıyıcısı, həmçinin rəqəmsallaşma və nəzarət mexanizminin gücləndirilməsi məqsədilə 102 kompüter, 79 printer və 79 enerji qaynağı cihazı (UPS) təqdim edilib.
Qeyd edilib ki, peyvəndlərin təhlükəsiz şəraitdə saxlanması və daşınmasının təmin edilməsi məqsədilə “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihəsi çərçivəsində əlavə avadanlıq və cihazların təhvil-təslimi planlaşdırılır. Bu məqsədlə aprel ayının sonlarında ÜST-nin Azərbaycan nümayəndəliyi tərəfindən daha 500 peyvənd daşıyıcısı TƏBİB-ə təhvil veriləcək. Təhvil verilmiş avadanlıqlardan düzgün istifadə olunması üçün yerli tibb müəssisələrinin əməkdaşlarına müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulur.
Təhvil-təslim mərasimində səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib: “Vaksinasiya prosesində vacib məqamlardan biri də peyvəndlərin müəyyən sabit temperaturda saxlanılmasıdır. “Soyuq zəncir sistemi” adlanan bu sistemin təminatında həm stasionar, həm də daşınan soyuducuların böyük rolu var. Bu gün kiçik və böyük stasionar soyuducuların, daşınan portativ çantaların və kompüter avadanlıqlarının təhvil verilməsində iştirak edirik. Həmin avadanlıqlar peyvəndləmə prosesində iştirak edən qurumlar arasında paylanılacaq və vaksinasiya prosesinin icra edilməsini, onun qeydiyyatını xeyli asanlaşdıracaq, ölkəmizin səhiyyə sisteminə texniki dəstək göstərəcək”.
TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov layihə barədə deyib: “Vaksinasiyaya dəstək layihəsi çərçivəsində ÜST-nin təşkilatçılığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə bir sıra avadanlıqların - soyuducular, kompüter avadanlıqları və vaksinlərin ərazi üzrə daşınması üçün konteynerlərin təhvil-təslim prosesində bizə təqdim olunan avadanlıqlar bu işin regionlarda, kənd məntəqələrində daha optimal, sürətli və yüksək səviyyədə aparılmasına, nəticədə, həmin yerlərdə də əhaliyə yüksək səviyyəli xidmət göstərilməsinə dəstək olacaq. Bu işin təşkilatçılarına təşəkkür edir və ümid edirik ki, bu əməkdaşlıq uzun müddət davam edəcək”.
“Peyvəndlərin çatdırılması sağlam və təhlükəsiz şəkildə olacaq və əhalinin sağlamlığı daha etibarlı şəkildə qorunacaq. Bu sahədə bir sıra təlimlər də keçiriləcək. Avropa İttifaqı ilə çox səmərəli əməkdaşlıq edirik və bu əməkdaşlıqdan çox məmnunuq. Qarşıdakı aylarda avadanlıqların verilməsi yenə də davam edəcək”, - deyə ÜST-nin nümayəndəsi Hande Harmançı bildirib.
Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko Ümumdünya Sağlamlıq Gününü Azərbaycanda keçirməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib: “Bu, çox simvolik bir tarixdir. Avropa İttifaqı ilə Azərbaycanın tərəfdaşlığının inkişafı bizim üçün böyük əhəmiyyət daşıyır. Təqdim olunan avadanlıqlar prosesə nəzarət mexanizminin rəqəmsallaşmasına və onun daha da təkmilləşməsinə xidmət edir”.
Xatırladaq ki, Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə və rutin immunlaşdırma proqramlarının gücləndirilməsi məqsədilə ÜST-nin Azərbaycandakı nümayəndəliyi 2021-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə üç illik “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihəsini həyata keçirməyə başlayıb. Bu layihə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.





Aprel 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova