Milli Onkologiya Mərkəzində süd vəzi xərçəngi xəstələrində fertillik problemləri müzakirə olunub
![Milli Onkologiya Mərkəzində süd vəzi xərçəngi xəstələrində fertillik problemləri müzakirə olunub](/uploads/posts/2022-05/1652170693_1650283672481907756_1000x669.jpg)
Keçən il dünya üzrə 9,2 milyon qadın onkoloji xəstəlikdən əziyyət çəkib və onlardan 4,4 milyonu xəstəliyin qurbanına çevrilib. Ötənilki statistikaya görə, onkoloji xəstələrdən 2,3 milyon nəfəri süd vəzi xərçəngi xəstəsi kimi qeydiyyata alınıb və onlardan 685 mini vəfat edib.
2021-ci ildə Azərbaycanda 15 387 nəfər onkoloji xəstədən 2 638 nəfəri süd vəzi xərçəngindən əziyyət çəkib. Aparılan müalicələr nəticəsində həmin xəstələrdən 43 faizi beş il yaşamaq imkanı əldə edib. Keçən il süd vəzi xəstələrindən 315 nəfəri (12,2 faizi) vəfat edib. Onu da qeyd etmək lazımdır ki, süd vəzi xərçəngindən əziyyət çəkənlərin 80 faizindən çoxu yaşı 50-dən yuxarı olanlardır.
Bu barədə Bakıda Avropa Onkologiya Məktəbi (ESO), Milli Onkologiya Mərkəzi (MOM) və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Visiting Professorship Meetings” proqramı çərçivəsində “Süd vəzi xərçəngi xəstələrində fertillik problemləri” adlı beynəlxalq tədbirdə bəhs olunub.
Tədbirdən əvvəl dünyaşöhrətli mütəxəssis, İtaliyanın Genova Universitetinin dosenti Matteo Lambertini Milli Onkologiya Mərkəzinin işi ilə yaxından tanış olub, Cənubi Qafqazın ən böyük elmi-tibbi müəssisəsinin struktur bölmələrində aparılan müayinə və müalicə protokolları ilə maraqlanıb.
Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyev ilə görüşən mütəxəssis mərkəzdə görülən işlərdən və tibb müəssisəsində qazanılan uğurlardan razı qaldığını bildirib.
Tədbirin açılışından sonra Matteo Lambertini süd vəzi xərçəngini əhatə edən bir sıra vacib mövzularla çıxış edib. Onun “Avropa və beynəlxalq şəraitdə süd vəzi xərçəngi ilə bağlı hazırkı vəziyyət və gələcək perspektivlər”, “Sistemli müalicənin süd vəzi xərçəngində rolu”, “Süd vəzi xərçəngində multidisiplinar müalicə və süd vəzi xərçəngi bölməsinin rolu” mövzularında mühazirələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Beynəlxalq tədbirdə yerli mütəxəssislərin - Cavid Qəribovun “Mastektomiya sonrası süd vəzi xərçəngi xəstələrində ayaqcıqlı fleblərlə rekonstruksiya”, Tünzalə Məmmədovanın “Epidemiologiya, yerli diaqnostika və müalicə qaydaları”, Bahadur Abbasovun “Süd vəzi xərçənginin patoloji aspektləri”, Leylaxanım Məlikovanın “Azərbaycan populyasiyasında BRCA1 və BRCA2 mutasiyaları”, Fuad Novruzovun “Süd vəzi xərçəngində 68GaFAPI və 18FDG PET/CT görüntüləməsi: perspektiv klinik sınaq” və Samir Qurbanovun “Süd vəzi xərçəngində cərrahiyyənin rolu” mövzularında çıxışları da dinlənilib.
Süd vəzi xərçəngi üzrə xəstə təqdimatları və müxtəlif müzakirələr aparılıb.
İkigünlük tədbir Avropa Onkologiya Məktəbi (ESO) tərəfindən akkreditasiya olunub.