Rezidentura təhsilini bitirmiş həkim-mütəxəssislərin təyinatı həyata keçirilib
![Rezidentura təhsilini bitirmiş həkim-mütəxəssislərin təyinatı həyata keçirilib](/uploads/posts/2022-05/1652165937_1650033659498527895_1000x669.jpg)
Səhiyyə Nazirliyində bu ilin fevral ayında aparılmış yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirmiş həkim-mütəxəssislərə tibb müəssisələrinə təyinat verilib. Göndərişlərin verilməsi Səhiyyə Nazirliyinin Kollegiyasının 2014-cü il 13 oktyabr tarixli Qərarı ilə təsdiq olunmuş “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilib.
Təyinatda pediatriya, nevrologiya, kardiologiya, stomatologiya, onkologiya, oftalmologiya, revmatologiya və digər ixtisaslar üzrə 69 həkim-mütəxəssis iştirak edib. Həkim-mütəxəssislər təyinat zamanı onlara təklif olunan həkim vəzifələri üzrə mövcud vakant yerlərdən seçim ediblər və onlara iş yerlərinə göndəriş verilib.
Qeyd edək ki, həkim-mütəxəssislər göndərişlə işə qəbul olunduqları tarixdən etibarən 3 il müddətində həmin tibb müəssisələrində işləməlidirlər.