Bakıda “Koronavirus pandemiyası: diaqnostikası, müalicəsi və fəsadları” mövzusunda konfrans keçirilib
Bakıda Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Koronavirus pandemiyası: diaqnostikası, müalicəsi və fəsadları” mövzusunda 3-cü Avrasiya konfransı keçirilib.
İnstitutun rektoru, professor Nazim Qasımov koronavirus (COVID-19) pandemiyasına qarşı ölkəmizdə aparılan mübarizə sahəsində əldə olunan uğurlar barədə məlumat verib, bildirib ki, ölkəmiz ilk günlərdən bu infeksiyaya qarşı effektli mübarizə apardı, müvafiq dövlət strukturlarının koordinasiyalı fəaliyyəti təşkil edildi: “Yoluxma sayının azalması, sağalanların artması, ölümün qeydə alınmaması bu sahədə əldə olunan nailiyyətlərdəndir. Ancaq tam arxayınlaşmaq olmaz və sayıqlıq itirilməməlidir. Ona görə bu gün işini başlayan beynəlxalq konfransda bu xəstəliyin diaqnostikası, müalicəsi və fəsadları haqqında geniş müzakirələr aparılacaq, gələcək işlərin hansı istiqamətdə təşkil olunması haqqında qərarlar veriləcəkdir”.
Konfransın həmsədrləri – İsrail Tibb Assosiasiyasının prezidenti Zion Xaqay və Qazaxıstanın Astana Tibb Universitetinin professoru Ayman Musin çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.
Toplantıda Milli Məclisin deputatı İlham Məmmədov bildirib ki, dövlət başçısının göstərişi əsasında yaradılmış qurumların koronavirus pandemiyası ilə apardıqları mübarizə tədbirlərinin nəticələri ölkəmizdə bu sahədə görülən işin vaxtında və düzgün olduğunu göstərdi.
Kazan Dövlət Tibb Universitetinin rektoru, professor Aleksey Sozinovun videomüraciəti nümayiş etdirilib.
Moldova Dövlət Tibb və Əczaçılıq Universitetinin dosenti Suveika Luminiça COVID-19 pandemiyası ilə mübarizədə peyvəndləmənin əsas rol oynadığını qeyd edərək, xəstəliyin müalicəsi üçün yeni dərman preparatlarının axtarışı haqqında məlumat verib.
COVID-19 pandemiyası ilə ölkəmizdə aparılan mübarizə tədbirlərinə həsr olunan videoçarx nümayiş edilib.
Konfransa dəvət olunmuş professor Yehuda Şoenfeld (İsrail), professor Munis Dündar (Türkiyə), professor Roza Beqaydarova (Qazaxıstan), dosent Təyyar Eyvazov (Azərbaycan), professor Albert Pinhasov (İsrail), professor Gülcan Abuova (Qazaxıstan) COVID-19 infeksiyasının diaqnostikası, müalicəsi və fəsadlarına həsr olunmuş elmi işlərin nəticələrini konfrans iştirakçılarına çatdırıblar.
Türkiyə, İsrail, Rusiya, Qazaxıstan, Gürcüstan və Azərbaycan alimləri pandemiya ilə mübarizənin müxtəlif aspektlərini əhatə edən elmi məruzələrlə çıxış ediblər.