COVID-19 virusu gözlərdə konyunktivit yaranmasına səbəb ola bilər
![COVID-19 virusu gözlərdə konyunktivit yaranmasına səbəb ola bilər](/uploads/posts/2022-04/1649241960_d0318a7d-42ee-4b2f-9c0e-6e7cb7ad4c89-1.jpg)
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Tural Qəlbinur irsi göz xəstəlikləri, anadangəlmə korluq, gözlərin ümumi müayinəsinin aparılması tezliyi, Azərbaycanda daha çox rast gəlinən göz xəstəlikləri, koronavirusun gözlərə təsiri və s. ilə əlaqədar sualları cavablandırıb.
- Tural müəllim, hansı göz xəstəlikləri irsidir?
- Digər xəstəliklər kimi, göz xəstəliklərində də irsiyyətin rolu böyükdür. El arasında “toyuq korluğu”, tibdə isə hemeralopiya (gecə görmə qabiliyyətinin azalması) xəstəliyi də irsən ötürülür. Təəssüf ki, bir çox genetik xəstəliklərdə olduğu kimi, bu xəstəliyin də tam müalicəsi yoxdur, sadəcə, dəstəkverici müalicə mümkündür. Miopiya, hipermetropiya və digər refraktiv görmə qüsurlarında da irsiyyətin rolu danılmazdır. Həmçinin keratokonus xəstəliyi təqribən 25 faiz hallarda genetik yolla valideynlərdən uşaqlara keçir.
- Anadangəlmə korluq da irsi amildən asılıdırmı?
- Anadangəlmə korluq görmə orqanının bətndaxili inkişaf patologiyasıdır. Təəssüf ki, bir çox hallarda müalicəyə tabe olmur. Əsas səbəb ananın hamiləlik dövründə keçirdiyi bir sıra infeksion xəstəliklər, travmalar və genetik xəstəliklərdir. Bu zaman embriogenez pozulur, nəticədə görmə orqanının inkişafı tam və ya düzgün getmir.
- Katarakta xəstəliyi də anadangəlmə ola bilər?
- Katarakta el arasında “mirvari suyu” adı ilə tanınır və gözün şəffaf büllurunun bulanması ilə görmə qabiliyyətini azaldan xəstəlikdir. Katarakta anadangəlmə və qazanılma ola bilər. Anadangəlmə katarakta dölün ana bətnində inkişafı, embriogenez zamanı yaranan patologiyalarla əlaqəlidir. Qazanılma kataraktaya isə yaşa bağlı olaraq və travma nəticəsində yaranan kataraktalar aiddir. Katarakta yarandıqda xəstələr dumanlı görmədən, sanki çirkli pəncərədən baxırmış kimi hisslərdən şikayət edirlər.
- Gözlərin ümumi müayinəsini hansı tezliklə aparmaq lazımdır?
- Valideynlərində və ya ailədə irsi göz xəstəlikləri ilə bağlı problemləri olmayanlar hər iki ildən bir oftalmoloq müayinəsindən keçməlidirlər. Lakin irsi göz xəstəlikləri olanlar ildə ən azı iki dəfə oftalmoloji müayinə olunmalıdırlar. Həmin vacib müayinələr sırasına gözdaxili təzyiqin ölçülməsi və göz dibinin müayinəsi aiddir.
- Gözü zəiflədən əsas amillər hansılardır?
- Əgər görmə qabiliyyəti pisləşibsə, o zaman bunun niyə baş verdiyini düşünmək hələ də gec deyil. Görmə qabiliyyəti həyat boyu pisləşə bilər və bu prosesi ən azı bir az dayandırmaq üçün səbəbin nə olduğunu aşkarlamaq lazımdır.
Kompüter və elektron qurğuların fasiləsiz istifadəsi gözlərin qurumasına və yorulmasına gətirib çıxara bilər. Onurğa problemləri də görmə zəifliyinə səbəb ola bilər. Belə ki, onurğa sütunu xəstəlikləri nəticəsində başın və gözün qan dövranı pozulur və nəticədə, görmə pozulması yaranır. Kompüter arxasında oturarkən duruşa nəzarət etmək, onurğa üçün fiziki məşqlər etmək vacibdir. Yuxusuzluq və stres şiddətli yorğunluğa gətirib çıxarır, nəticədə, görmə zəifləməyə başlayır. Sağlamlığın qeydinə qalmaq, yaxşı istirahət etmək və gözləri rahatlaşdırmaq üçün xüsusi məşqlər edilməsi tövsiyə olunur. Siqaret çəkmək, alkoqollu içkilər qəbul etmək qan dövranının pozulmasına gətirib çıxarır, bu da gec-tez görmə pozulması ilə nəticələnir. Buna görə də həmin vərdişlərdən uzaqlaşmaq məsləhətdir.
- Dünyada və Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlərin statistikası necədir?
- Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 2,2 milyarddan çox insan yaxını və uzağı görmə problemi yaşayır. Onların 1 milyarddan çoxu vaxtında profilaktik tədbirlərin görülməməsinin və ya müalicə edilməməsinin nəticəsidir. Buna miopiya, qlaukoma, sarı ləkə, katarakta və bir çox oftalmoloji xəstəliklər nümunə göstərilə bilər.
Hazırda ölkəmizdə 60 yaşdan yuxarı vətəndaşların 70 faizindən çoxunda başlanğıc katarakta mövcuddur.
5-30 yaş arası insanlarda daha çox miopiya (yaxından görmə) və hipermetropiya (uzaqdan görmə) geniş yayılıb. Eynək və kontakt linzalar miopiyanın ən geniş yayılmış müalicə üsullarıdır. Həmin üsullar miopiyanın dərəcəsini azaltmır, lakin görməni yaxşılaşdırır. Bunlardan imtina edənlərə lazer korreksiyası təklif edilir.
Yaşı 40-dan yuxarı olanlar arasında katarakta və diabetik retinopatiya daha çox aşkarlanır. Diabetik retinopatiya şəkərli diabet zamanı gözün tor qişasının damarlarının zədələnməsi nəticəsində baş verən хəstəlikdir.
60 yaşdan yuxarı əhali arasında isə sarı ləkə xəstəliyi (makula degenerasiyası) daha çox rast gəlinir.
- Bildiyiniz kimi, martın 6-12-də Ümumdünya Qlaukoma ilə Mübarizə Həftəsi keçirilib. Qlaukoma nədən yaranır və müalicəsi gecikərsə, hansı fəsadları olar?
- Göz təzyiqinin yüksəlməsi və tədricən görmə sinirinin atrofiyası ilə xarakterizə olunan qlaukoma xəstəliyinin erkən mərhələsində xəstələrdə heç bir şikayət olmur. Xəstəlik irəlilədikcə görmə sinirinin atrofiyası yaranır. Xəstələrdə getdikcə görmə azalır və görmə sahəsində daralma meydana çıxır. Hazırda oftalmologiyada qlaukoma zamanı korluğun qarşısını almaq üçün yalnız bir yol məlumdur, bu da xəstəliyin vaxtında aşkarlanması və düzgün müalicəsidir. Qeyd edim ki, qlaukomanın müalicəsi dərman, lazer və cərrahi üsulla aparılır.
- COVID-19 infeksiyası göz sağlamlığına necə təsir edir?
- Göz ən həssas orqanlardan biridir. COVID-19-un gözlərə yoluxmasının birbaşa qarşısını almaq üçün heç bir vasitə yoxdur. Ümumi qorunma yolu maska taxaraq virusun keçməsinin qarşısını almaq və peyvənd olunaraq xəstəliyin daha yüngül keçməsini təmin etməkdir. Xüsusilə qapalı məkanlarda virusa məruz qalma və əlləri gözə apararaq birbaşa çirklənmə riskləri gözlərin qorunmasını çətinləşdirir. Virusa yoluxmanın yüksək risk altında olduğu yerlərdə eynəkdən istifadə qoruyucu ola bilər. Dezinfeksiyaedici vasitələrdən istifadə edərək əlləri təmiz saxlamaq son dərəcə vacibdir. Virusun gözdə olduğu yüngül hallarda qoruyucu antibiotik damcılarından istifadə etmək də tövsiyə edilir.
Aparılan araşdırmalar göstərdi ki, COVID-19 virusu gözlərdə konyunktivitin yaranmasına səbəb ola bilər. Bu zaman gözlərdə qızartı, ağrı, göynəmə, yanma və yaş axması kimi əlamətlər meydana çıxır. Həmçinin şəkərli diabet, hipertenziya və başqa xroniki xəstəlikləri olan insanlarda koronavirus qanın laxtalanma sistemini pozduğundan retinada qanama və başqa əlamətlər meydana çıxa bilər. Əgər xəstələrdə görmənin ani zəifləməsi baş verərsə, onlar dərhal oftalmoloqa müraciət etməlidirlər.