Yeni doğulan körpələrdə sarılığın erkən təyin edilməsi və nəzarətdə saxlanması çox vacibdir

Yeni doğulan körpələrdə sarılığın erkən təyin edilməsi və nəzarətdə saxlanması çox vacibdir

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Aygün Rüstəmxanlı körpələrdə sarılıq əlamətləri, patoloji sarılıq və onun müalicəsi ilə əlaqədar sualları cavablandırıb.

- Aygün xanım, ana südü sarılığı nədir?
- Ana südünün tərkibində bəzi maddələrin artıqlığı və ya ana südünün azlığı ilə bağlı körpədə sarılıq meydana çıxa bilər. Buna yenidoğulmuşların hiperbilirubinemiyası və ya ana südü sarılığı deyilir. Körpənin dərisinin rəngində bu əlamət, adətən, öz-özünə keçib gedir. Lakin belə uşaqları həkim nəzarətində saxlamaq çox önəmlidir. Bu hal uzananda sarılıqlı körpələrin müalicəsi ilə yanaşı, lazım gəldikdə, onların davamlı monitorinqi də aparılmalıdır. Bu məsələdə, bir tərəfdən, müalicə tələb olunanda onu gecikdirmək olmaz, digər tərəfdən, lazımsız və erkən müdaxilələr də əhəmiyyətsiz və zərərli ola bilər.

- Yeni doğulmuş körpələrdə sarılığa hansı hallarda rast gəlinir?
- Sarılıq yenidoğulmuşlarda tez-tez rast gəldiyimiz bir simptomdur. Bətndaxili infeksiyalar zəminində yaranmış qan parçalanması, yenidoğulmuş xolestazı, yenidoğulmuşun sidik yolu infeksiyası, mümkün ola bilən hər hansı mexaniki proseslər, inkişaf qüsurları, irsi və metabolik, endokrin xəstəliklər yenidoğulmuşda yaranmış sarılığın səbəbi kimi qiymətləndirilir. Həmin əlamətin hansı səbəbdən yaranmasını həkimlər diqqətdə saxlamalı və ailələri məlumatlandırmalıdırlar.
Fizioloji və keçici sarılıq dövrü müxtəlif infeksiyalara bağlı xəstəliklərdə, dərman müalicəsi qəbul edənlərdə, düzgün və yetərli qidalandırılmayan körpələrdə, vaxtından erkən doğulmuşlarda daha çox və dəyişkən ola bilər. Vaxtında doğulmuşların təqribən yarısında, vaxtından qabaq doğulmuşların isə 70-80 faizində sarılıq müşahidə edilə bilər.

- Hansı halda sarılıq patoloji sayılır?
- Patoloji sarılıq uşaq doğulandan dərhal sonra inkişaf edir. Bəzi laborator və kliniki əlamətlər olduqda sarılığın patoloji olması ehtimalı ilə müayinələr aparılmalıdır. Qan müayinəsində bilirubin səviyyəsi 5 mq/dl olarsa, bu zaman dəridə gözlə görülə bilən sarılıq müşahidə olunacaq. Bu rəqəm ilk gündən təyin olunsa, yenidoğulmuş körpənin sarılığının dəyərləndirilməsi üçün hansı risk qrupuna aid olması müəyyənləşdirilməlidir. Yüksək, orta və aşağı risk qruplu yenidoğulmuşlar bilirubin izlənməsi üçün tərtib olunmuş xüsusi cədvəllərə əsasən nəzarətə götürülməlidir.

- Bu zaman ailələr nəyə diqqət yetirməlidirlər?
- Qeyd edim ki, sarılığın müalicəsinə bəzən ilk gün, ilk saatlardan, bəzən isə evə yazıldıqdan da sonra müayinə zamanı qan təhlillərinə əsasən başlanıla bilər. Ailələr əsasən körpənin yetərli qidalanması, aktivliyi, fizioloji aktların - sidik və nəcis ifrazının adekvatlığı, nəcisin rəngi, sayı və s. diqqət etməlidirlər. Onlar həkimin təyin etdiyi vaxtdan gec olmayaraq körpəni müayinəyə aparmalıdırlar.

- Sarılığın müalicəsində hansı önəmli məqamlar var?
- Yenidoğulan körpələrdə sarılığın erkən təyin olunması və nəzarətdə saxlanılması olduqca vacibdir. Sarılığın müalicəsində daha çox fototerapiyadan istifadə edilir. Bunun körpə üçün ziyansız olmasını, fəsadının olmayacağını həkim hər bir ailəyə izah etməlidir. Məsələn, 20 günlük, fiziki inkişafı, çəki artımı, aktivliyi normal olan körpənin sarılığı varsa, eyni zamanda, nəcis rəngsizdirsə (axolikdir), bu hal diqqətdən yayınarsa, sağalması mümkün olmayan vəziyyət yarana bilər. Anadangəlmə xəstəlik olan "biliar atreziya" diaqnozu iki ay gecikdirilərsə, xəstənin xilası üçün erkən icra olunmalı "kasai" əməliyyatı da gecikmiş olacaq. Göründüyü kimi, nəcisin rəngsizliyi istiqamətvericidir. Bu kimi hallarda xəstələrin müalicəsində fototerapiya və digər müalicələr faydasız olacaq. Körpənin izlənilməsi zamanı fizioloji çəki itkisinin vaxtında bərpası, nəcis ifrazının sutkalıq sayının 3-4, sidik ifrazının 4-6 dəfə olması düzgün və yetərli qidalanmasına dəlalət edir.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova