Azərbaycanda hər 1 milyon əhalinin 700-800 nəfəri böyrəklərin xroniki xəstəliyindən əziyyət çəkir
![Azərbaycanda hər 1 milyon əhalinin 700-800 nəfəri böyrəklərin xroniki xəstəliyindən əziyyət çəkir](/uploads/posts/2022-04/1649241601_16473333513835835957_1000x669.jpg)
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nefroloq Fariz Babayev böyrəklərin xroniki xəstəliyi, onun əlamətləri, yaranma səbəbləri, həmçinin xəstəliyin gizli inkişafı zamanı patoloji hallarla əlaqədar sualları cavablandırıb.
- Böyrəklərin xroniki xəstəliyi müxtəlif səbəblərdən böyrəklərin funksiyasının tədricən itməsi və təkrar bərpa olunmaması ilə nəticələnən patoloji haldır. Bu xəstəliyin yaranma səbəbləri 26-28 faiz halda qlomerulonefritlə (böyrək yumaqcıqlarının (glomerulus) zədələnməsi ilə xarakterizə olunan xəstəlik), 23-27 faizi şəkərli diabetlə, 15-16 faizi arterial hipertoniya xəstəliyi (sistolik qan təzyiqinin artması sindromu) ilə, 13-15 faizi xroniki pielonefritlə (böyrək parenximasının və böyrək ləyəninin süst gedişli, arabir kəskinləşmə verən bakterial iltihabi xəstəliyi), 4-6 faizi polikistoz xəstəliyi (yumurtalıq funksiyasının pozulması ilə müşayiət olunan poliendokrin sindrom) ilə, 4-5 faizi uroloji, 2-3 faizi isə digər səbəblərlə əlaqədardır.
- Azərbaycanda bu xəstəlikdən nə qədər adam əziyyət çəkir?
- Xroniki böyrək xəstəliklərinin statistikası bir milyon əhaliyə nəzərən hesablanır. İnkişaf etmiş ölkələrdən Yaponiyada, Almaniyada bir milyon əhaliyə 1000-1200, hətta 1800 böyrək çatışmazlığı olan xəstə düşür.
Azərbaycanda isə bu rəqəm 700-800 nəfər civarındadır. Onlardan 40-45 faizi (təxminən 3700 xəstə) böyrəklərin xroniki xəstəliyi səbəbindən hazırda aktiv formada böyrək əvəzedici terapiyanın (BƏT) bir növü olan proqram hemodializ müalicəsi qəbul edirlər.
Xroniki böyrək xəstələri vaxtında həkimə müraciət edərək narahatlıqlarının qarşısını ala bilərlər. Bu xəstələr mütəmadi həkim nəzarəti altında qalırlar.
Qeyd edim ki, ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən 43 hemodializ mərkəzi 800 “süni böyrək” cihazı ilə təchiz olunub. Xəstələrə 256 həkim-nefroloq və 458 tibb bacısı xidmət göstərir.
- Xəstəliyin əlamətləri hansılardır?
- Bu xəstəliyin subyektiv və obyektiv əlamətləri var. Subyektiv simptomlara ümumi zəiflik, halsızlıq, iştahasızlıq, yuxunun pozulması, dəri qaşınması, sidiyin miqdarının azalması, aşağı ətraflarda ödemlər, ürəkbulanma, qusma, əzələ qıcolmaları, oynaqlarda ağrı, arterial təzyiqin vaxtaşırı artması və s. aiddir. Obyektiv simptomlara anamnez, instrumental, laborator müayinələrin nəticələrinə əsasən qanda kreatininin, sidik cövhərinin, qalıq azotun, sidik turşusunun səviyyəsinin artması, elektrolit (K, Na, Ca, F) və turşu-qələvi balansının pozulması, anemiyanın yaranması halları daxildir.
- Böyrəklərin funksiyasının itməsinə nə səbəb olur?
- Anadangəlmə böyrək qüsurları, böyrəklərin iltihabi xəstəlikləri, immun xəstəlikləri, hər hansı maddələrlə zəhərlənmələr, anadangəlmə uroloji patologiya, böyrək daşı xəstəliyinin müalicəsinin uzun müddət düzgün aparılmaması və s. böyrək çatışmazlığına səbəb olan amillərdir. Ona görə də hansısa böyrək xəstəliyi olan xəstə hətta böyrək çatışmazlığı olmayanda belə, ildə heç olmasa iki dəfə yoxlanılmalıdır.
Xəstəliyin ilk mərhələlərində dərman müalicəsi ilə böyrək çatışmazlığının sonrakı inkişafının və gözlənilən ağırlaşmaların qarşısını almaq mümkündür. Lakin konservativ müalicə effektsiz olduğu hallarda böyrəklərin artıq itirilmiş funksiyalarını əvəz edə biləcək müalicə üsulları tətbiq olunur.
- Böyrəklərin xroniki xəstəliyinin gizli inkişafı zamanı hansı ağır patoloji hallar ola bilər?
- Xəstəliyin ilkin mərhələlərində konservativ müalicə təyin edilir. Böyrəklərin xroniki xəstəliyi aşkar olunan xəstələrdə ürək-damar çatışmazlığı, beyin qan dövranı pozulmaları (ensefalopatiya), mədə-bağırsaq pozulmaları və intoksikasiya halları yaranır. Eyni zamanda, bütün xəstələrdə qanda kreatininin səviyyəsi yüksək olduğu qeyd edilir. Böyrəklərin xroniki xəstəliyi olan xəstələrdə şəkərli diabet də varsa, qanda kreatinin səviyyəsi 5 mq/dl-dən, digər xəstələrdə isə 6 mq/dl-dən yüksək olduğu halda böyrək əvəzedici terapiya müalicə növü seçilir.