Azərbaycanda uşaqlarda artıq çəki və piylənmənin risk amilləri üzrə tədqiqat aparılacaq

Azərbaycanda uşaqlarda artıq çəki və piylənmənin risk amilləri üzrə tədqiqat aparılacaq

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin Uşaqlarda Piylənməyə Nəzarət Təşəbbüsü (COSI) tədqiqatı ilə əlaqədar təlim keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, təlim Azərbaycanda aparılacaq həmin tədqiqatla bağlı mütəxəssislər hazırlamaq məqsədilə təşkil olunub.
Təlimdə İSİM-in direktoru Qəhrəman Haqverdiyev uşaqlar arasında artıq çəki və piylənmənin risk amillərinin öyrənilməsinə dair aparılan COSI tədqiqatının ölkəmizdə ilk dəfə keçirildiyini qeyd edərək deyib: “Mərkəzimiz tərəfindən son dövrlər aparılan sorğular göstərir ki, yeni növ koronavirus (COVID-19) pandemiyası əhalinin, o cümlədən uşaqların fiziki aktivlik və qidalanma vərdişlərinə təsir edib. COSI tədqiqatı həmin təsirlərin səviyyəsinin, uşaqlar arasında artıq çəki və piylənmə dərəcəsinin öyrənilməsi ilə yanaşı, bu sahədə zəruri addımların, müvafiq tədbirlərin görülməsinə imkan verəcək”.
ÜST-nin ictimai səhiyyə üzrə mütəxəssisi, qeyri-infeksion xəstəliklər üzrə proqram rəhbəri Elturan İsmayılov, ÜST-nin Avropa üzrə Regional Ofisinin nümayəndəsi Culiyan Vilyams, COSI-nin Qazaxıstan üzrə baş tədqiqatçısı Şınar Abdrəhmanova və COSI-nin Azərbaycan üzrə baş tədqiqatçısı Nabil Seyidov çıxış edərək, tədqiqatın tarixi, məzmunu və məqsədi barədə ətraflı məlumat veriblər. Bildirilib ki, Uşaqlarda Piylənməyə Nəzarət Təşəbbüsü 2005-ci ildə yaranıb və onun məqsədi məktəb yaşlı uşaqlar arasında artıq çəki və az çəki ilə bağlı tendensiyaları araşdırmaqdır. Bu tədqiqat ilk dəfə 2007-2008-ci illərdə 12 ölkənin mütəxəssislərinin iştirakı ilə keçirilib və 268 min uşağın çəkisi öyrənilib. Tədqiqatın 2019-cu ildə keçirilən V raundunda isə 400 mindən çox uşağın çəkisi müəyyən edilib.
Azərbaycan COSI sisteminə 2020-ci ildə qoşulsa da, araşdırma aparılması COVID-19 pandemiyası səbəbindən baş tutmayıb.
Hazırda tədqiqatın 2021-2023-cü illərdə keçirilməsi nəzərdə tutulan VI raundu təşkil olunur və Azərbaycan da daxil olmaqla 40-a yaxın ölkə həmin tədqiqatda iştirak edir. İştirakçıların hər biri öz ölkəsi üzrə 6-9 yaşlı uşaqlar arasında sorğu məlumatlarını toplamalıdır.
Qeyd edək ki, COSI tədqiqatı Azərbaycanda ilk dəfə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində və ÜST-nin metodologiyaları, beynəlxalq koordinasiyası və dəstəyi ilə bu ilin aprel-may aylarında keçiriləcək.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova