Ümumdünya Vərəmlə Mübarizə Günü
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarı ilə hər il martın 24-də Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd edilir. 1882-ci ildə alman mikrobioloq Robert Kox ilk dəfə vərəmin törədicilərini kəşf edib. 1905-ci ildə alim bu kəşfinə görə tibb sahəsində Nobel mükafatına layiq görülüb. Kox çöplərinin aşkar edilməsindən bir əsr sonra - 1982-ci ildə ÜST və Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri ilə Mübarizə İttifaqı bu kəşfin 100 illiyi münasibətilə Ümumdünya Vərəmlə Mübarizə Gününü təsis ediblər.
Vərəm hava-damcı yolu ilə yayılan xəstəlikdir. İnsan orqanizminə tənəffüs yolları, qida, dəri və sair yollarla daxil olur. Onu törədən mikroblar uzun müddət yaşaya və 6-8 aya qədər müxtəlif əşyaların üzərində qala bilir. Ona görə də xəstəliyə qab-qacaq, pal-paltar, dəsmal və digər məişət təması nəticəsində yoluxmaq mümkündür. Xəstəlik, bir qayda olaraq, dərhal başlamır və bir neçə aydan bir ilə qədər müddətdə özünü büruzə verə bilər. Yoluxma zamanı orqanizmin müdafiə qabiliyyəti, xüsusilə immun sistemi əhəmiyyətli rol oynayır.
Vərəmlə mübarizə gününün simvolu sağlam nəfəs əlaməti olan ağ çobanyastığıdır. Bu günün qeyd olunmasına rəsmən elan edildiyi vaxtdan daha əvvəl başlanıb. XIX əsrin sonları - XX əsrin əvvəllərində ilk olaraq Cenevrədə əllərində ağ çobanyastığı tutmuş gənc oğlan və qızlar küçəyə çıxaraq, vərəmli xəstələrin müalicəsi üçün ianə toplayıblar. Sonra həmin aksiyalar Avropanın başqa ölkələrində də keçirilməyə başlayıb və çobanyastığı çiçəklərinin satışı diqqəti cəlb edərək, vərəmə qarşı mübarizə aparan təşkilatlara gəlir gətirib. Danimarkada və Norveçdə bu çiçəyin satış hüququ vərəmə qarşı mübarizə cəmiyyətlərinin inhisarına alınıb.
ÜST-nin məlumatına görə, hər gün vərəm xəstəliyindən dünyada 4 500 nəfər həyatını itirir, 30 min nəfərdə isə xəstəliyə yoluxma baş verir.
Vərəm sağalan xəstəlikdir və bu sahədə ardıcıl iş aparılır, lakin ÜST ekspertlərinin fikrincə, onun aşkar edilməsi, müalicəsi və sağalması üçün göstərilən səylər yetərli deyil. İl ərzində vərəmə yoluxan 9 milyon xəstədən 3 milyonu müalicə almır. Ona görə də Ümumdünya Vərəmlə Mübarizə Gününün keçirilməsinin başlıca məqsədi, hər şeydən əvvəl, əhalinin onunla bağlı məlumatlılığını artırmaq, qlobal epidemiyanın ləğvi və profilaktika üsulları ilə əlaqədar səyləri birləşdirməkdən ibarətdir.
Azərbaycanda son illərdə vərəmlə mübarizə sahəsində ciddi irəliləyişlər qeydə alınıb. Bu sahədə fəaliyyətin nəticəsi olaraq, Ümumdünya Səhiyyə Təşkilatının son hesabatlarında Azərbaycan vərəmin geniş yayıldığı ölkələr sırasına daxil edilməyib, çünki ötən illərlə müqayisədə yoluxma sayında və bu infeksiyadan ölüm göstəricisində xeyli azalma var. Xəstəliyin müalicə kursu aylarla, bəzən illərlə davam etsə də, onun vaxtında aşkarlanması və xəstənin müalicəyə cəlb olunması ilə müsbət nəticə əldə etmək olar.
Ölkəmizdə vərəmlə mübarizə istiqamətində profilaktik tədbirlər görülür, əhali arasında mütəmadi maarifləndirmə işləri aparılır. Sağlam həyat tərzi, zərərli vərdişlərdən imtina, düzgün qidalanma, fiziki aktivlik, təmiz hava, stresdən uzaq olmaq, şəxsi gigiyena qaydalarına əməl etmək kimi sadə addımlar vərəmin profilaktikasında əsasdır.
Hər il Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar dünyanın ayrı-ayrı şəhərlərində yerləşən tarixi memarlıq tikililərinin, əhəmiyyətli binaların “qırmızı rəngə” boyanması aksiyası keçirilir.
Ötən il olduğu kimi, bu il də Bakının bir neçə məşhur tikilisi, o cümlədən paytaxtın ən möhtəşəm və sirli tarixi-memarlıq abidəsi olan Qız qalası qırmızı rənglə işıqlandırılıb. Aksiya ictimaiyyətin diqqətini vərəmlə mübarizəyə yönəltmək məqsədi ilə keçirilib. Bununla da vərəmdən əziyyət çəkən insanların ağrı və çətinliklərinə diqqət çəkilib, onlarla həmrəylik nümayiş olunub.
Ümumdünya Vərəmlə Mübarizə Günü münasibətilə ölkəmizdə həmçinin digər tədbirlər də təşkil edilib.