Təyyar Eyvazov: Əksər ölkələrdə immunomodulyatorlar istifadə edilmir
![Təyyar Eyvazov: Əksər ölkələrdə immunomodulyatorlar istifadə edilmir](/uploads/posts/2022-04/1649238476_16461241756353637036_1000x669.jpg)
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov immun sistemi, onu gücləndirmək yolları, xəstəliklərin yaranmasında rolu, peyvəndlənmənin vacibliyi barədə sualları cavablandırıb.
- Təyyar müəllim, bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2002-ci ildən başlayaraq hər il martın 1-i Ümumdünya İmmunitet Günü kimi qeyd edilir. Ümumiyyətlə, immun sistemi, immunitet nədir?
- İmmunitet və ya immun sistemi orqanizmi xaricdən gələn bütün yad amillərdən (viruslar, bakteriya, göbələklər və s.) qoruyan və həmçinin bədəndəki fəaliyyətdən düşmüş və ya köhnəlmiş hüceyrələrin məhvinə nəzarət edən sistemdir. Məsələn, immunitet bizi şiş hüceyrələrinin əmələ gəlməsindən qoruyur. İmmun hüceyrələrinin bədənin öz hüceyrələrini məhv etməməsi üçün immunoloji tolerantlıq mövcuddur.
İmmunitet anadangəlmə (qeyri-spesifik) və qazanılmış olur. Qazanılmış immunitet öz növbəsində passiv (zərdab vasitəsilə orqanizmə hazır anticisimləri yeritdikdə, yaxud anadan dölə bətndaxili və yenidoğulmuşa süd vasitəsilə ötürülən) və aktiv (xəstəliyi keçirdikdən sonra və ya vaksinasiyadan sonra formalaşan) olur.
- Zəif immunitet orqanizmdə hansı fəsadlar törədə bilər?
- İmmunitetin çatışmazlığı müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Bu özünü ağır, təkrarlanan infeksiyalar kimi göstərir. Şiş əleyhinə immunitetin pozulması bədxassəli törəmələrin inkişafına “dəstək” olur. Bəzən immun hüceyrələr bədənin öz hüceyrələrini məhv etməyə başlayır – bunlar autoimmun xəstəliklərdir. İmmunitet sistemi bəzi maddələrə həddindən artıq reaksiya verdikdə allergik xəstəliklər yaranır.
Sağlam bir bədən immunitetin balanslaşdırılmış işləməsini təmin edir. Bir insanın immun sistemində hansısa qüsur müəyyən olunmayıbsa, təkrarlanan uzunmüddətli bakterial, virus infeksiyaları və ya ağır yanaşı patologiyalar yoxdursa, onu məqsədyönlü şəkildə "gücləndirməyə" ehtiyac yoxdur.
- İmmuniteti dərman vasitələri ilə gücləndirmək olurmu?
- Bu gün immunitetin stimullaşdırılması çox mübahisəli bir məsələdir. Əksər ölkələrdə immunomodulyatorlar istifadə edilmir, çünki bu dərmanların effektivliyi sübut olunmayıb. Terapevtik təsir bütün immun sisteminə deyil, onun müəyyən bir həlqəsinə yönəldilməlidir. Bütövlükdə immun sistemini gücləndirə bilən sehrli həblər, dərmanlar yoxdur. Müəyyən bir infeksiyaya qarşı immunitet yaratmaq üçün peyvəndləmə aparılır, immun çatışmazlıqlarda immunitetin çatışmayan həlqəsini bərpa etmək üçün isə əvəzedici terapiya aparılır. Yalnız müəyyən xəstə qrupları immunoloji müayinədən sonra bu vasitələrdən istifadə etməlidirlər.
- Güclü immunitet bizi hansı xəstəliklərdən qoruyur?
- Qəfil xəstələnmək heç də "immunitetin azalması" demək deyil. Bu, bədənin qoruyucu xüsusiyyətlərinin zəiflədiyini göstərir. Bununla məşğul olmaq lazımdır, lakin immunitetlə hər şey qaydasındadır. Bəzən insanlar tez-tez baş verən kəskin respirator virus infeksiyalarını (KRVİ) səhvən immunitet sistemindəki pozuntular kimi qəbul edirlər. Tez-tez xəstələnən uşaqlar ildə 4-6 dəfədən çox müxtəlif respirator infeksiyaları keçirirlər. Məsələn, uşaq bağçasına gedən balacalar ilk günlərdən digər uşaqların florası ilə qarşılıqlı əlaqədə olur və xəstələnirlər. Bu, patologiya deyil. Belə vəziyyətdə immunmodulyatorların qəbulu infeksiyanın dövrü alovlanması ilə müşayiət olunan yarımkəskin mərhələyə keçir.
Sağlam insanın immun sisteminə müdaxiləyə ehtiyac yoxdur. Onun normal işləməsi üçün şərait yaratmaq lazımdır. Məsləhət görərdim ki, insanlar immun sisteminin normal səviyyədə işləməsinə kömək edəcək bəzi amillərə diqqət yetirsinlər. İlk öncə, peyvənd cədvəlinə, o cümlədən illik qrip peyvəndinə laqeyd yanaşmasınlar. Həmçinin qida elementlərinin, vitaminlərin və mikroelementlərin miqdarı və tərkibinə diqqət yetirsinlər. Qeyd etmək istəyirəm ki, normal gecə yuxusu vacibdir, çünki bu zaman yeni immun hüceyrələr əmələ gəlir. Unutmamalıyıq ki, immun sisteminin zəifləməsinin səbəblərindən biri də stresdir. Orqanizmin müqavimətini tənzimləmək üçün immun, sinir və hormonal sistemləri daim qarşılıqlı əlaqədə işləyir. Yaxşı fiziki formada qalmaq, açıq havada daha çox vaxt keçirmək faydalıdır. Qan dövranı immun sistem hüceyrələrinin bədənin bütün guşələrinə çatmasına və qoruyucu funksiyasını yerinə yetirməsinə imkan verir. İstənilən yoluxucu xəstəlikləri vaxtında və tam şəkildə müalicə etmək lazımdır.
İmmun sistemi çox mühümdür, lakin az öyrənilən sahədir. Onun işində ciddi bir pozuntuya dair şübhələr varsa, həkimə müraciət etmək lazımdır, çünki bir pozuntu əmələ gəldiyi halda xüsusi müalicə tələb oluna bilər.
Sonda qeyd etmək istəyirəm ki, əhalinin vaksinasiya prosesində fəal iştirakı COVID-19-a qarşı kütləvi immunitetin əldə edilməsinə səbəb olur.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov mətbuata COVID-19-un hibrid variantı - “delta” və “omikron” ştamlarının qarışığı olan “deltakron” ştamı haqqında da məlumat verib. O deyib ki, hazırda daha çox “deltakron” və yaxud “stels-omikron" ştamları aktivlik göstərir: “Onların əvvəlki ştamlarla müqayisədə yoluxuculuq xüsusiyyətinin yüksək olduğu, lakin ağır xəstəlik törətmədiyi qeyd olunur. Həmin ştamlar Çin, Almaniya, Rusiya və başqa ölkələrdə sürətlə yayılır və dominantlıq səviyyəsinə çatır. Hətta “omikron” ştamına yoluxub sağalanlar da yenidən həmin ştama yoluxa bilərlər”.
Mütəxəssis-ekspert bildirib ki, “deltakron” ştamının törətdiyi infeksiya da “omikron” kimi çox yüngül və səthi keçir, ağciyər və aşağı tənəffüs yollarına, demək olar ki, düşmür: “Yeni ştam yuxarı tənəffüs yollarında özünü çox kiçik əlamətlərlə - burun axıntısı, öskürək, halsızlıq, nadir hallarda isə boğaz ağrısı ilə büruzə verir. Buna baxmayaraq, arxayınlaşmaq olmaz. Qadağalar aradan qaldırılsa da, bəzi yumşalmalar tətbiq edilsə də, bu, prosesin nəzarətdən çıxmasına səbəb olmur. Həmin proses, yəqin ki, davam edəcək və bir sıra ölkələrdə biz bunu görürük. Hətta bəzi ölkələrdə maskadan imtina edilməsinə icazə verilib. Buna baxmayaraq, yenə də diqqətli olmaq lazımdır, çünki əgər dövriyyəyə yeni bir ştam daxil olarsa, təbii ki, yeni bir dalğa yaşana bilər. Buna görə yenə də dəyişməyən qayda öz aktuallığını qoruyur. Gigiyenaya əməl etmək, tibbi maska taxmaq və ən vacibi, üçüncü doza peyvənd olunmaq lazımdır”.