Almaniyadakı Azərbaycanlı Həkimlərin I forumu keçirilib

Almaniyadakı Azərbaycanlı Həkimlərin I forumu keçirilib

Almaniyanın Köln şəhərində bu ölkədə yaşayan azərbaycanlı həkimlər bir araya gəliblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə keçirilən Almaniyadakı Azərbaycanlı Həkimlərin I forumunda Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, Azərbaycan səhiyyə nazirinin müavini Nadir Zeynalov, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) icraçı direktoru Əkrəm Abdullayev, DİDK-nin əməkdaşları, Almaniyanın 34 şəhərində fəaliyyət göstərən 200-dən çox elm xadimi və həkim iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən müharibəsində həlak olan şəhidlərin, o cümlədən həkimlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Forumda çıxış edən Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev bildirib ki, tədbirin məqsədi uzun illərdir Almaniyanın tibb ocaqlarında çalışan, müəyyən nüfuz sahibinə çevrilən azərbaycanlı elm adamlarını, həkimləri və bu yola başlayan gənc həmkarları bir araya gətirmək, onlar arasında şəbəkələşmə yaratmaq, həmçinin elmi-praktik mübadilə aparmaqdır. Qeyd edilib ki, forumun təşkili Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə güclənən dövlətimizin xaricdə təhsil alan və işləyən azərbaycanlı həkimlərə olan xüsusi diqqət və qayğısının nəticəsidir.
Foruma videobağlantı vasitəsilə qatılan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu ölkədə ilk dəfə təşkil edilən tədbirin işinə uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı ilə DİDK-nin həyata keçirdiyi layihələr Azərbaycan diasporunun təşkilatlanmasına, mütəşəkkil fəaliyyət göstərməsinə ciddi təsir edir. Komitə sədri elmi nailiyyətləri ilə Almaniyanın tibb ocaqlarında nüfuz sahibinə çevrilən azərbaycanlı həkimlərin diaspor quruculuğuna qoşulmalarının lobbiçilik fəaliyyətinə və Azərbaycan səhiyyəsinə böyük töhfə verəcəyini vurğulayıb.
Sonra çıxış edən səfir Ramin Həsənov bildirib ki, Almaniyadakı diasporumuzun sıralarında özünəməxsus yer tutan həkimlər yerli cəmiyyətə sıx şəkildə inteqrasiya edərək, Almaniyada xüsusi hörmət sahibinə çevriliblər. Köln şəhər meri ilə görüşü zamanı Azərbaycan diasporunun fəaliyyəti barədə xoş fikirlər eşitdiyini buna bariz nümunə kimi göstərən diplomat bu ictimai rəydən məmnunluq duyduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev əhalinin sağlamlığının qorunmasına böyük əhəmiyyət verir, bu baxımdan Almaniyadakı azərbaycanlı həkimlərin təcrübəsindən istifadə olunmasına çox böyük ehtiyac var. Gənc azərbaycanlı həkimlərin Almaniyada təhsil alması və təcrübə keçməsi iki ölkənin səhiyyə sistemi arasındakı əməkdaşlığa ciddi töhfədir.
Azərbaycan səhiyyə nazirinin müavini Nadir Zeynalov və ADDF icraçı direktoru Əkrəm Abdullayev də çıxışlarında Almaniyadakı azərbaycanlı həkimlərin fəaliyyətini və Azərbaycan diasporuna verdikləri töhfələri yüksək qiymətləndirdiklərini söyləyiblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Reabilitasiya və istehsalatın təşkili departamentinin Keyfiyyətə nəzarət şöbəsinin müdiri Bahadur Rzayev “Azərbaycanda əlilliyi olan şəxslər üçün reabilitasiya xidmətlərinin təşkili”, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov “Azərbaycan səhiyyəsinin inkişafında icbari tibbi sığortanın rolu”, Oberstein xəstəxanasının Kardiologiya klinikasının direktoru, professor Natiq Həsənov “Almaniyada kardiologiyanın təşkili və müasir müalicə metodları”, Essen Universitet Klinikasının şöbə müdiri, professor Ramazan Cabbarlı “Beyin anevrizmalarının müalicəsi” mövzularında məruzələrlə çıxış ediblər.
Sonra forumda Almaniyada çalışan elm adamlarının fəaliyyətini əks etdirən təqdimatlar olub və elmi nailiyyətlər ətrafında geniş fikir mübadiləsi aparılıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova