Dünya Bankı Azərbaycanda rəqəmsal səhiyyənin inkişafı ilə bağlı təkliflər verib
![Dünya Bankı Azərbaycanda rəqəmsal səhiyyənin inkişafı ilə bağlı təkliflər verib](/uploads/posts/2022-03/1646378927_1644228113503550210_1000x669.jpg)
Səhiyyə Nazirliyində Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev xatırladıb ki, ölkəmiz 1992-ci ildən etibarən Dünya Bankı ilə əməkdaşlıq edir: “Azərbaycan ilə Dünya Bankı arasında əlaqələr çoxşaxəlidir və bu əməkdaşlıq hər il yüksələn xətlə inkişaf etməkdədir”.
Nazir qeyd edib ki, rəqəmsal texnologiyalardan istifadə hazırda səhiyyə sistemində aparılan islahatların əsasını təşkil edir. 2021-ci ildə elektron sənəd dövriyyəsinə keçid, səhiyyə sistemində rəqəmsal və innovativ texnologiyalardan istifadə istiqamətlərində mühüm addımlar atılıb. “Dünya Bankı ilə müxtəlif sahələrdə əməkdaşlıq ölkəmizdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir. Səhiyyə sisteminin təkmilləşdirilməsi ölkəmiz üçün prioritet məsələdir. Bunu nəzərə alaraq, Səhiyyə Nazirliyi bu sahədə Dünya Bankı ilə əməkdaşlıqda maraqlıdır”, - deyə səhiyyə naziri bildirib.
Öz növbəsində Sara Maykl Dünya Bankı ilə Azərbaycan arasında səmərəli əməkdaşlığı vurğulayaraq, qurumun ölkəmizin səhiyyə sistemində aparılan islahatları dəstəklədiyini bildirib: “Biz Azərbaycanda rəqəmsal səhiyyənin inkişafına hər cür dəstək verməyə hazırıq”.
Sonda Dünya Bankının nümayəndələri ölkəmizdə rəqəmsal səhiyyənin inkişafı ilə bağlı təkliflərini təqdim ediblər.
Qarşılıqlı anlaşma şəraitində keçən toplantıda tərəflər işçi qrupları səviyyəsində görüşləri davam etdirmək barədə razılığa gəliblər.