Səhiyyə nazirinin yeni müavinləri təyin olunub
![Səhiyyə nazirinin yeni müavinləri təyin olunub](/uploads/posts/2022-03/1646377848_sn_bina-01.jpg)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə səhiyyə nazirinin müavinləri Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov tutduqları vəzifədən azad ediliblər.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə səhiyyə nazirinə 3 yeni müavin təyin olunub.
Dövlət başçısının səhiyyə nazirinin müavini təyin etdiyi şəxslər İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılovdur.
Səhiyyə Nazirliyində yeni nazir müavinlərinin kollektivə təqdim olunması ilə bağlı toplantı keçirilib.
İclasda səhiyyə naziri Teymur Musayev dövlət başçısının fevralın 3-də imzaladığı Sərəncamları diqqətə çatdırıb. Yeni təyin olunmuş nazir müavinlərini kollektivə təqdim edən nazir bildirib ki, İlqar Qasımov, Nadir Zeynalov və Rasim İsmayılov bir sıra məsul vəzifələrdə çalışıblar, bu sahədə təcrübə və idarəçilik bacarığına malik olduqlarını göstəriblər: “Əminəm ki, onlar ölkə rəhbərinin bu yüksək etimadını doğruldacaq və qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələcəklər”.
Çıxışının sonunda Teymur Musayev nazir müavinlərini təyinat münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Öz növbəsində yeni təyin olunmuş nazir müavinləri onlara göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər, səhiyyə sistemində başlanan islahatlar prosesinin davam etdirilməsi və qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün var qüvvələrini və bacarıqlarını əsirgəməyəcəklərini söyləyiblər.