Azərbaycanda COVID-19-un “omikron” ştamı aşkarlanıb
![Azərbaycanda COVID-19-un “omikron” ştamı aşkarlanıb](/uploads/posts/2022-02/1644225080_16418096181001329151_1000x669.jpg)
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni "omikron" variantı bütün dünyada olduğu kimi, Azərbaycanda da ciddi narahatlıq doğurur. Ölkəmizdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində virusun genetik variantlarına dair mütəmadi analizlər aparılır. Araşdırmaların növbəti mərhələsində ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-də SARS-CoV-2 21K “omikron” variantı aşkarlanıb.
Bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında xəbər verilib.
"Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.
Vaksinin ikinci dozasından və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq məqsədilə gücləndirici (“buster”) doza ilə peyvəndləməyə çağırır.
Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur", - deyə birgə məlumatda qeyd olunub.
Həmin qurumların digər birgə məlumatında isə bildirilir ki, yeni növ koronavirusun “omikron” ştamına yoluxan 12 şəxsin səhhətində ağırlaşma halları müşahidə olunmur: “Hazırda həmin şəxslərin vəziyyəti stabildir, evdə müşahidə altındadırlar. Həmin ştama yoluxmuş 12 nəfərin 8-indən götürülmüş təkrar test nümunələri mənfi nəticələnib və bu barədə məlumat “e-tabib” sistemində yer alıb.
Epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün virusun genetik variantlarına dair mütəmadi analizlər aparılır”.