ATU-nun Tədris Terapevtik Klinikasında şəhid ailə üzvlərinə və qazilərə pulsuz tibbi xidmət göstərilib
![ATU-nun Tədris Terapevtik Klinikasında şəhid ailə üzvlərinə və qazilərə pulsuz tibbi xidmət göstərilib](/uploads/posts/2022-02/1644224263_16427720141676764600_1000x669.jpg)
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında şəhid ailələri, qazilər və qazi ailələri üçün ödənişsiz müayinə aksiyası təşkil olunub. Aksiyada həmin kateqoriyadan olan vətəndaşlar həkim müayinəsi ilə yanaşı, qanın və sidiyin ümumi analizi, qanda şəkər və EÇS, döş qəfəsinin rentgenoskopiyası, EKQ, USM müayinələrdən tam ödənişsiz keçiblər.
ATU-nun mətbuat xidmətindən verilən məlumata görə, xeyriyyə aksiyasının məqsədi və əhəmiyyəti barədə fikirlərini bölüşən Tədris Terapevtik Klinikanın direktoru, professor Surxay Musayev bildirib ki, şanlı Ordumuzun işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda apardığı Vətən müharibəsi, bu savaşda qazandığımız qələbə tibb işçiləri üçün də böyük fəxrdir: “Müharibə günlərində olduğu kimi, bu gün də tibb işçiləri ordumuzun yanındadır. Biz bu böyük zəfərə görə şəhid və qazilərimizə, eləcə də onların ailə üzvlərinə borcluyuq. Səhhətində problem olan, müayinəyə ehtiyac duyan şəhid ailələrinə və qazilərimizə dəstək olmaq üçün belə aksiyanı təşkil etdik. Aksiya çərçivəsində Bakı sakinləri ilə yanaşı, digər regionlarda yaşayan Vətən müharibəsi şəhidlərinin ailələri, eləcə də qazilərimiz gün ərzində bir çox müayinələrdən ödənişsiz bəhrələndi. Onların müayinəsini həyata keçirmək və müalicə təyin etmək bizim müqəddəs vətəndaşlıq borcumuzdur”.
Klinikanın baş həkimi Fəridə Hacıyevanın verdiyi məlumata əsasən, aksiya çərçivəsində həmin kateqoriyadan olan 86 nəfərə tibbi xidmət göstərilib.