Hindistan milli bayramı münasibətilə qanvermə aksiyası keçirilib
Hindistanın 73-cü Respublika Günü münasibətilə “Azadi Ka Amrit Mahotsav” (Müstəqilliyin dadı) təşəbbüsü altında Hindistanın Azərbaycandakı səfirliyi, Bakıdakı “Hind Klinikası”, Azərbaycan Hind Assosiasiyası, Azərbaycanda fəaliyyət göstərən Hindistanın etnik qruplarının nümayəndələri qanvermə aksiyası təşkil ediblər.
AZƏRTAC-ın verdiyi xəbərə görə, Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Mərkəzi Qan Bankı üçün qan verməyə gələn hər kəsə minnətdarlığını bildirib. O, qanvermənin “Dünya bir ailədir” mənasını verən “Vasudhaiva Kutumbakam” adlı hind fəlsəfəsindən ilhamlandığını bildirib.
Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Naqif Həmzəyev də iştirak edib.
Qanvermə aksiyasına səfir Bavitlunq Vanlalvavna, onun həyat yoldaşı, səfirliyin əməkdaşları, Hindistan icmasının üzvləri və digər könüllülər qatılıblar.