Tibb işçiləri üçün “MD Simulyasiya” platformasının təqdimatı keçirilib
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP) və “Equinor Apsheron AS” şirkətinin birgə layihəsi olan “MD Simulyasiya” platformasının təqdimatı keçirilib.
Tədbirdə İSİM rəsmiləri, tibb işçiləri və media nümayəndələri iştirak ediblər.
Toplantıda xüsusilə “MD Simulyasiya – müxtəlif ssenarili müayinə və müalicə simulyatoru”nun tibb sahəsində rəqəmsal texnologiyaların tətbiqi istiqamətində atılan ən son addımlardan biri olduğu vurğulanıb.
İSİM-in direktoru Qəhrəman Haqverdiyev müasir innovativ vasitə olan həmin platformanın tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirməsindən bəhs edib. Qeyd edib ki, platforma xüsusilə distant təhsil üçün əhəmiyyətli rola malikdir.
BMT İP-nin Akselerator laboratoriyasının inkişaf həlləri üzrə rəhbəri Nərgiz Quliyeva isə vurğulayıb ki, yeni texnologiyalardan səmərəli istifadə müasir dövrün vacib tələblərindən biridir və tibb sahəsində informasiyalaşdırma prosesi hər zaman bu tələblərin önündədir.
İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov platforma barədə ətraflı təqdimatla çıxış edib. Bildirib ki, “MD Simulyasiya” platformasında müxtəlif ssenarilərə və səviyyələrə uyğun simptomları aydınlaşdırmaq və həmin simptomlara müvafiq tibbi prosedurlar həyata keçirərək, pasiyentin vəziyyətini yaxşılaşdırmaq istiqamətində tədbirlər görmək, müayinə və müalicə etmək mümkündür.
Qeyd edək ki, platformada (https://mdsimulyasiya.az) qeydiyyat və istifadə ödənişsizdir. Simulyasiyalar kompüterlər və əksər planşetlər üçün optimallaşdırılıb.