Belarus nümayəndə heyəti ölkəmizdə rezidentura təhsili sistemi ilə tanış oldu

Belarus nümayəndə heyəti ölkəmizdə rezidentura təhsili sistemi ilə tanış oldu

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) uzun illərdir ki, keçmiş Sovet İttifaqının ayrı-ayrı respublikaları, həmçinin ABŞ, Türkiyə, Avstriya və bir çox digər xaricı ölkələrin ali tibb təhsili müəssisələri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq uzun illər ərzində daim inkişaf edir və genişlənir.
Həmin beynəlxalq əlaqələrin davamı olaraq, Belarus Respublikası Səhiyyə Nazirliyinin Təşkilat-kadr baş idarəsinin rəisi O.N.Kolyupanovanın, Belarus Tibb Diplomdansonrakı Təhsil Akademiyasının (BTDTA) rektoru A.N.Çukanovun və digər rəsmi şəxslərin Bakıya işgüzar səfəri baş tutub.
Nümayəndə heyətini Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Nigar Əliyeva qəbul edib.
Görüşdə ölkəmizin Belarus Respublikası ilə müxtəlif sahələrdə olan geniş əlaqələrindən söz açılıb, o cümlədən səhiyyənin və tibb təhsili sisteminin inkişafı haqqında müzakirələr aparılıb, gələcək perspektivlərdən danışılıb.
Qeyd etmək lazımdır ki, Belarus Tibb Diplomdansonrakı Təhsil Akademiyası ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu arasında çoxillik əməkdaşlıq təcrübəsi mövcuddur. Hazırda bu əməkdaşlıq ADHTİ və BTDTA-nın rektorları tərəfindən 2016-cı ildə imzalanmış, iki təhsil müəssisəsi arasında əməkdaşlığın yeni, daha yüksək səviyyəsini müəyyən edən müqavilə əsasında inkişaf edir. Həmin sənədə görə, hər iki müəssisənin elm, təhsil və səhiyyə bölmələri arasında əsaslı əməkdaşlıq və təcrübə mübadiləsi aparılır. Bu əməkdaşlıq çərçivəsində ADHTİ-nin professor-müəllim və həkim heyəti, institutun digər əməkdaşları və rezidentləri dəfələrlə Belarus Respublikasına ezam olunaraq, müxtəlif tədris, elmi-praktik və digər tədbirlərdə fəal iştirak ediblər. Əməkdaşlıq elektron əlaqələr, videokonfrans müzakirələr və digər müxtəlif formatlarda da həyata keçirilib.
Sonrakı illərdə Ə.Əliyev adına ADHTİ-nin rektoru professor Nazim Qasımov və BTDTA-nın ovaxtkı rektoru professor D.M.Nitkin arasında imzalanmış yeni müqaviləyə əsasən, ADHTİ və BTDTA-da işçi qruplar yaradılıb. Bu qruplara hər iki tərəfdən institutun və akademiyanın professor-müəllim heyətindən nümayəndələr daxil edilib. İşçi qruplar arasında mütəmadi olaraq keçirilən onlayn telekörpülərdə planlaşdırılmış işlər müzakirə olunur, innovativ araşdırmalar və onların tibb elminə tətbiq olunması haqqında qarşılıqlı informasiya mübadiləsi aparılır, konfranslar, seminarlar və digər elmi-tədris tədbirləri planlaşdırılaraq həyata keçirilir. Mühazirələrin, seminarların, konsultasiyaların, master-klasların aparılması üçün hər iki tərəfdən professor-müəllim heyətindən nümayəndələr ayrılıb.
Yeni müqavilənin bağlanmasından sonra keçən qısa müddət ərzində BTDTA-nın professor-müəllim heyəti tərəfindən cərrahlıq, anesteziologiya və reanimatologiya, mamalıq və ginekologiya, səhiyyənin təşkili və menecmenti, neonatologiya üzrə 5 səyyar kurs keçirilib. Ə.Əliyev adına ADHTİ-nin professor-müəllim heyətindən 6 nəfər Belarusda təkmilləşmə kursları keçmək üçün ezam olunub.
Hər iki müəssisə keçirəcəyi elmi tədbirlər haqqında daim bir-birini məlumatlandırır. BTDTA-nın təsisçisi olduğu “Cərrahlıq” jurnalında institutun əməkdaşları mütəmadi olaraq məqalələr dərc etdirirlər. Eyni zamanda, ADHTİ-nin təsis etdiyi “Tibb və Elm” jurnalında BTDTA-nın əməkdaşlarının məqalələri dərc olunur. Elmi-tədqiqat layihələrinin hazırlanmasında, tibb üzrə monoqrafiyaların və dərs vəsaitlərinin yazılmasında birgə fəaliyyət göstərilir, kafedralar arasında birgə elmi-tədqiqat işlərinin aparılması sahəsində əməkdaşlıq edilir. Həmçinin beynəlxalq əməkdaşlıq çərçivəsində mütəxəssislərimiz təhsil proqramlarının birgə hazırlanmasında və yenilənməsində də iştirak edirlər.
Ölkəmizdə 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış və 2011-ci ildən fəaliyyət göstərən rezidentura təhsil sistemində milli ali tibb kadrlarının hazırlanmasındakı nailiyyətlərimiz xarici tərəfdaşların da diqqətini cəlb edir. Təsadüfi deyil ki, bu gün Belarus hökumətinin ölkəmizdə tibb təhsilinin bu formasına marağı böyükdür. Belarus nümayəndə heyətinin ölkəmizə səfərinin əsas məqsədlərindən biri də məhz bu qabaqcıl təsrübənin öyrənilməsi olub.
Ə.Əliyev adına ADHTİ-də institutun rektoru professor Nazim Qasımov, prorektorlar Təyyar Eyvazov və Məmmədəli Meybəliyevin Belarus Respublikası Səhiyyə Nazirliyinin Təşkilat-kadr baş idarəsinin rəisi O.N.Kolyupanova, BTDTA-nın rektoru A.N.Çukanova və prorektoru A.V.Platonov ilə görüşündə də bu məsələ diqqət mərkəzində olub. Tədbirdə tərəflər təmsil etdikləri təhsil müəssisələrinin həyatında son vaxtlarda baş vermiş yeniliklər, onların pandemiya şəraitində fəaliyyəti, əməkdaşlıq haqqında bağlanmış ikitərəfli müqavilə çərçivəsində görülmüş işlər barədə müzakirələr aparıb, gələcəkdə yeni şəraitdə birgə fəaliyyət istiqamətlərini müəyyən ediblər.
Qonaqlar bildiriblər ki, Belarus hökuməti tibb sahəsində aparılan islahatlar çərçivəsində ali tibb kadrlarınıın rezidentura sistemində hazırlanması məsələsini planlaşdırır. Bu işdə bir sıra ölkələrin modelləri öyrənildikdən sonra Azərbaycan modelinə üstünlük verilib.
ADHTİ-nin rektoru Nazim Qasımov ölkəmizdə rezidentura təhsilinin yaradılmasının hüquqi aspektləri, internatura təhsil formasından üstünlüyü, onun əvəzlənməsinin zəruriliyi, rezidenturanın təşkili, əldə edilmiş nailiyyətlər və s. barədə qonaqlara ətraflı məlumat verib. İşgüzar şəraitdə keçən görüşdə qonaqları maraqlandıran bütün məsələlərə aydınlıq gətirilib, qarşıya çıxan problemlərin həlli yolları göstərilib.
Görüşün sonunda ADHTİ və BTDTA arasında 2022-2024-cü illər üçün fəaliyyət proqramı imzalanıb.
Səfər zamanı belaruslu qonaqlar Ə.Əliyev adına ADHTİ-nin rezidentlərinin təhsil aldığı bir neçə baza tibb müəssisəsində olub, yerlərdə yaradılmış şəraitlə və təhsilin səviyyəsi ilə tanış olublar. ADHTİ-nin Rezidentura şöbəsində qonaqlara tədrisin təşkili, idarə olunması, sənədləşmə, məzunların bölgələrə təyinatı və s. məsələlər haqqında məlumat verilib. Bu zaman təhsil modelinin özünü doğrultması, yüksək keyfiyyətli tibb kadrlarının hazırlanması, məzun olmuş rezidentlərin istər dövlət, istərsə də özəl sektorda aparıcı mövqelərdə çalışması qonaqların diqqətinə çatdırılıb







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova