Vətəndaş cəmiyyətinin vərəmlə mübarizə fəaliyyəti müzakirə edilib
![Vətəndaş cəmiyyətinin vərəmlə mübarizə fəaliyyəti müzakirə edilib](/uploads/posts/2022-01/1641553330_1640339081780626072_1000x669.jpg)
Səhiyyə Nazirliyi, Azərbaycanda Səhiyyə sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası və “Sağlamlığa xidmət” İctimai Birliyinin (İB) birgə təşkilatçılığı ilə Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının 10 illik fəaliyyətinə həsr olunmuş konfrans keçirilib.
Toplantıda Ölkə Əlaqələndirmə Komissiyasının Katibliyinin nümayəndəsi Aytən Hüseynova Vərəm Əleyhinə QHT Koalisiyasının 2011-ci ildə millət vəkili Soltan Məmmədov və “Sağlamlığa xidmət” İB-nin sədri Elçin Muxtarlının təşəbbüsü ilə yaradıldığını və ötən dövr ərzində uğurlu fəaliyyət göstərərək cəmiyyətə töhfə verdiyini qeyd edib.
Konfransda Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyev, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva, millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Sədaqət Vəliyeva, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov çıxışlarında koalisiyanın ötən müddət ərzində fəaliyyətini yüksək qiymətləndiriblər.
Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının sədri, “Sağlamlığa xidmət” İB-nin sədri Elçin Muxtarlı koalisiyanın fəaliyyəti və gördüyü işlər haqqında təqdimatla çıxış edib.
Konfransda Vərəm Əleyhinə QHT Koalisiyasının fəaliyyəti, həyata keçirdiyi tibbi və sosialyönümlü layihələr barədə "Koalisiyanın 10 ildə keçdiyi yol" adlı film nümayiş olunub.
Toplantıda Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə “Sağlamlığa xidmət” İB arasında Anlaşma Memorandumu imzalanıb, həmçinin Azərbaycana ilk dəfə olaraq həmin ictimai birliyin təşəbbüsü ilə gətirilən, Yaponiya istehsalı olan Fujifilm FDR X-air portativ rentgen aparatının nümayişi olunub.
Konfransın ikinci hissəsi Ölkə Əlaqələndirmə Komissiyasının Katibliyinin nümayəndəsi Pərvanə Vəliyevanın moderatorluğu ilə davam edib.
Koalisiyanın üzvləri “Sağlamlığa xidmət” İB-nin layihə koordinatoru Samirə Muxtarova, “Vərəmsiz gələcəyə doğru” İB-nin sədri Çingiz Ramazanlı, “İnformasiya təşəbbüslərinə dəstək” İB-nin sədri Cəsarət Hüseynzadə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin layihə koordinatoru Sona Hacıyeva, “İnkişaf və rifah naminə” İB-nin sədri Zəminə Səfərova, “İnkişafa doğru qadın təşəbbüsləri” İB-nin sədri Ziba Nəbiyeva, “Əlilliyi olan şəxslərin sosial müdafiəsinə və inteqrasiyasına dəstək” İB-nin sədri Səbinə Kərimova və “Eşitmə və nitq məhdudiyyətli şəxslərə sosial yardım” İB-nin sədri Cəmilə Abdulova təmsil etdikləri təşkilatların fəaliyyəti haqqında təqdimatla çıxış ediblər.
Konfransın sonunda vərəm sahəsində xidmətlərinə görə töhfəsi olan şəxslərə təşəkkürnamələr təqdim olunub.