Bali Demokratiya Forumunda Azərbaycanın COVID-19-la mübarizəyə töhfələrindən danışılıb
İndoneziyada Bali Demokratiya Forumunun “İnsanlıq üçün demokratiya: pandemiya dövründə iqtisadi və sosial ədalətin təşviq olunması” mövzusunda 14-cü sessiyası keçirilib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, tədbirdə ölkəmizi xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edib.
Sessiyada onlayn formatda iştirak edən nazir müavini çıxışında Azərbaycanın COVID-19 pandemiyası ilə qlobal mübarizəyə verdiyi töhfələri vurğulayıb, ölkəmizin “vaksin millətçiliyinə” qarşı çıxdığını qeyd edib. O, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ölkəmizin Qoşulmama Hərəkatının sədri qismində təklifi əsasında 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirildiyini, eləcə də Qoşulmama Hərəkatı adından Azərbaycanın irəli sürdüyü “Bütün ölkələrin vaksinlərə bərabər və universal əlçatanlığının təmin edilməsi” barədə qətnamənin BMT-nin İnsan Hüquqları Şurasında konsensusla, BMT Baş Assambleyasının 3-cü komitəsində isə dövlətlərin böyük əksəriyyəti tərəfindən dəstəklənərək qəbul edildiyini xatırladıb.
Mahmud Məmməd-Quliyevin çıxışında həmçinin ölkə daxilində pandemiya dövründə əhalinin sosial və iqtisadi hüquqlarının təmin edilməsi istiqamətində görülən tədbirlər öz əksini tapıb.
Forumda bir çox dünya və region dövlətlərinin ictimai və siyasi xadimləri, o cümlədən ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış ediblər.
Məlumat üçün bildirək ki, Bali Demokratiya Forumu İndoneziya hökumətinin təşəbbüsü ilə 2008-ci ildən etibarən, Asiya-Sakit okean və daha geniş regionda demokratiyanın müsbət təcrübələrin mübadiləsi yolu ilə təşviqi məqsədilə keçirilir.