Azərbaycan Burkina-Fasoya 100 min doza “Sinovac” ianə edib
![Azərbaycan Burkina-Fasoya 100 min doza “Sinovac” ianə edib](/uploads/posts/2022-01/1641553096_16388899083288464970_1000x669.jpg)
Azərbaycanın ianə etdiyi 100 min doza “Sinovac” peyvəndi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinin (AIDA) əlaqələndirməsi ilə Burkina-Fasoya çatdırılıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirildiyinə görə, Afrika dövlətlərinin COVID-19 ilə mübarizəsinə Türk Dövlətləri Təşkilatı çərçivəsində dəstək göstərilməsi məqsədilə bu ilin sentyabr ayında irəli sürülmüş təşəbbüs təşkilatın sədri qismində Azərbaycan tərəfindən tam dəstəklənib və Prezident İlham Əliyevin müvafiq göstərişi əsasında yardım məqsədilə 100 min doza vaksin təşkilatın Türkiyədə keçirilən Sammitindən bir neçə gün öncə İstanbula çatdırılıb.
Təşəbbüsə dəstək olaraq, Azərbaycanla yanaşı, Türkiyə 200 min, Özbəkistan 100 min və Macarıstan 211 min 200 doza peyvənd ianə edib. Macarıstan tərəfindən Toqoya ianə edilən peyvəndlər də daxil olmaqla, 611 min 200 doza peyvənd Türkiyə tərəfinin logistik dəstəyi ilə qeyd olunan Afrika dövlətlərinə təhvil verilib.
Qlobal səviyyədə COVID-19 ilə mübarizədə Azərbaycanın fəal rolu və ehtiyacı olan ölkələrə dəstəyinin nümunəsi kimi dəyərləndirilən bu töhfə xalqımızın yardımsevərlik ənənələri əsasında Prezident İlham Əliyev tərəfindən atılan növbəti humanist addımdır.