Naxçıvan səhiyyə müəssisələrinə yeni təcili tibbi yardım avtomobilləri verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daim vurğulayır ki, səhiyyə sisteminin təkmilləşdirilməsi dövlətimiz üçün prioritet məsələdir. Bunu Naxçıvan Muxtar Respublikasında səhiyyə sisteminin təkmilləşdirilməsi və inkişafı üçün görülən işlər də təsdiq edir. Burada əhalinin hərtərəfli tibbi xidmətlə təmin edilməsi dövlət siyasətinin əsasını təşkil edir.
Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrinə 17 təcili tibbi yardım avtomobili verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Mərasimdə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov çıxış edərək deyib ki, aparılan ardıcıl tədbirlər tibbi xidmətin səviyyəsini xeyli yüksəldib və əhalinin sağlamlığının qorunması işində əsaslı dönüş yaradıb. Səhiyyə sisteminin maddi-texniki bazasının gücləndirilməsi və müasir standartlara uyğunlaşdırılması məqsədilə avadanlıq və texnikaların alınması ilbəil davam etdirilir, kadr hazırlığına xüsusi diqqət göstərilir. Yaradılan şəraitin və görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, pandemiyanın muxtar respublikada geniş yayılmasının qarşısı alınıb. Ali Məclis Sədrinin tapşırığı ilə səhiyyə müəssisələrinə yeni təcili tibbi yardım avtomobillərinin alınması da bu istiqamətdə görülən işlərin davamı, vətəndaşların sağlamlığına göstərilən qayğının əyani ifadəsidir. Niyazi Novruzov yaradılan şəraitə görə səhiyyə işçiləri adından minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib ki, muxtar respublikada səhiyyə sahəsində görülmüş işlər tibbi xidmətin səviyyəsini yüksəldib, səhiyyə xidməti hər bir vətəndaş üçün əlçatan olub. Bunun sayəsində muxtar respublikada pandemiya ilə mübarizə tədbirləri mütəşəkkil təşkil olunub. Həkim hazırlığı və maddi-texniki təminat gündəlik müraciət edən xəstələrin müalicəsinin hərtərəfli təşkilinə, mövsümi xəstəliklərin qarşısının alınmasına, peyvəndlərin vaxtında vurulmasına və digər səhiyyə xidmətlərinin göstərilməsinə imkan verib. Bütün bunları böyük nailiyyətlər adlandıran Ali Məclisin Sədri söyləyib ki, insanların həyatının qorunması ən vacib məsələdir: “Bu gün ölkəmizdə ən qiymətli sərvətimiz olan insanların həyatının qorunması, onların sağlam yaşayışlarının təminatı diqqətdə saxlanılır, səhiyyə inkişaf etdirilir. Bu tədbirlərin tərkib hissəsi olaraq muxtar respublikada da qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir. Artıq muxtar respublika əhalisi tibbi sığortadan yararlanır. İstər ucqar dağ kəndlərində, istərsə də şəhər mərkəzlərində səhiyyə müəssisələri üçün lazımi şəraitin yaradılması, tibbi avadanlıqların quraşdırılması, həkim hazırlığı və profilaktik tədbirlərin görülməsi muxtar respublikada mövsümi xəstəliklərin yayılmasının qarşısını almışdır”.
Qeyd olunub ki, pandemiya dövründə əhaliyə evlərdə səhiyyə xidmətinin göstərilməsinə ehtiyac yaranıb. Muxtar respublikada koronavirusun qarşısının alınmasının bir səbəbi də məhz evlərdə karantin rejiminin tətbiqi və müalicənin təşkili olub. Bunun üçün lazım olan maşınlar və avadanlıqlar alınıb. Son 2 ildə muxtar respublikanın səhiyyə müəssisələrinə tələbata uyğun təcili tibbi yardım maşınları verilib. Bu gün isə növbəti avtomobillər təqdim olunur. Səhiyyə işçiləri bunlardan səmərəli istifadə etməli, xəstələrin evdə müalicəsi və xəstəxanalara vaxtında çatdırılması düzgün təşkil olunmalıdır.
Ali Məclisin Sədri muxtar respublikada pandemiya ilə mübarizədə iştirak edən bütün həkimlərə və tibb işçilərinə, baytarlıq xidmətinin və hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkürünü bildirib, birgə fəaliyyətin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Sonra avtomobillərin açarları təqdim olunub, yeni alınmış təcili tibbi yardım avtomobillərinə baxış keçirilib.
Məlumat verilib ki, səhiyyə müəssisələri üçün alınan “Mercedes” və “Fiat Ducato” markalı təcili tibbi yardım avtomobilləri ilkin tibbi müdaxilə və reanimasiya tədbirlərinin aparılması üçün lazımi avadanlıqlarla təchiz edilib.
Yeni avtomobillərin Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinə, Diaqnostika-Müalicə Mərkəzinə, Naxçıvan Muxtar Respublika Xəstəxanasına, Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasına, Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzinə, rayon mərkəzi və sahə xəstəxanalarına verilməsi nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının baş həkimi Zəbur Bağırov yaradılan şəraitə görə səhiyyə işçiləri adından minnətdarlıq edib, bundan sonra da əhalinin sağlamlığının keşiyində duracaqlarını bildirib.
Xəbəri paylaş