Azərbaycanda ötən il və bu il qızılca və məxmərəyə yoluxma halı qeydə alınmayıb
![Azərbaycanda ötən il və bu il qızılca və məxmərəyə yoluxma halı qeydə alınmayıb](/uploads/posts/2021-12/1638876470_16369606504882518376_1000x669.jpg)
Dünyada 2020-ci ildə 22 milyondan çox körpə COVID-19-a yoluxmaq nəticəsində qızılcaya qarşı peyvənd olunmayıb. Bu da 2019-cu illə müqayisədə 3 milyon uşaq çoxdur. Ölkəmizdə isə son bir ildə qızılcaya yoluxma halları qeydə alınmayıb.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva bununla əlaqədar olaraq deyib: “Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionu üzrə 135 qızılca hadisəsi qeydə alınıb. Ötən il Ukrayna, Belçika, Türkiyə və digər ölkələrin hər birində təxminən 10-15 uşaq həmin xəstəliyə yoluxub. Son bir il ərzində 53 ölkənin daxil olduğu Avropa regionunda 83 məxmərəyə yoluxma halı qeydə alınıb”.
Ölkəmizdə pandemiya başlayandan peyvəndlərin, o cümlədən qızılcaya qarşı peyvəndləmənin əhatə dairəsi azalıb. Son 20 ildə dünyada peyvənd vasitəsilə qızılcadan 30 milyondan çox ölüm halının qarşısı alınıb. Ən yoluxucu viral xəstəlik olan qızılca uşaq xəstəliyi hesab olunsa da, böyüklərin yoluxma riski yüksəkdir. Xəstəliyin ilkin əlamətləri yüksək hərarət, halsızlıq, öskürək, burun axıntısı və gözlərdə qızartıdır. Sonradan həmin əlamətlərə bədənin hər yerini əhatə edən qırmızı səpgilər də əlavə olunur.
“Ötən il və bu ilin ötən dövrü ərzində Azərbaycanda qızılca və məxmərək xəstəliyi qeydə alınmayıb. Bu, aparılan peyvəndləmə tədbirlərinin nəticəsində mümkün olub. Doğrudur, ötən il pandemiya şəraiti ilə əlaqədar bütün xəstəliklər azalıb və peyvənd aparılması bir qədər zəifləmişdi. Əlbəttə, bu işdə həm peyvəndləmə, həm də epidemioloji nəzarət həmin xəstəliklərin azalmasında mühüm rol oynayır”,- deyə direktor müavini bildirib.