Səhiyyə Nazirliyinin nümayəndələri ÜST-nin Moskvada keçirilən toplantısında iştirak ediblər
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional ofisi Rusiyanın paytaxtı Moskvada 9 Şərqi Avropa və Mərkəzi Asiya ölkəsinin (Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Tacikistan, Özbəkistan və Ermənistan) milli məktəb səhiyyə sistemlərinin yaxşılaşdırılması layihəsinin yekun toplantısını keçirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Səhiyyə Nazirliyinin Federal Dövlət Muxtar Qurumunun (FDMQ) “Milli Uşaq Sağlamlığının Tibbi Tədqiqat Mərkəzi”ndə təşkil olunan tədbirdə 9 Şərqi Avropa və Mərkəzi Asiya ölkəsinin milli nümayəndə heyəti, həmçinin Rusiyanın Səhiyyə və Təhsil nazirliklərinin, FDMQ “Milli Uşaq Sağlamlığının Tibbi Tədqiqat Mərkəzi”nin, ÜST-nin Avropa Regional Ofisi, SHE (School Health Education, Sağlamlığı təşviq edən məktəblər) şəbəkəsinin katibliyi iştirak ediblər.
ÜST layihəsinin yekun toplantısında ölkəmizi Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova, Sağlamlığı təşviq edən məktəblər layihəsinin ölkə üzrə milli koordinatoru Səbinə Babazadə, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) şöbə müdiri İnarə Makayeva və mərkəzin həkim-metodisti Sevinc Zeynallı təmsil ediblər.
Konfrans layihədə iştirak edən 9 Şərqi Avropa və Mərkəzi Asiya ölkəsində məktəb səhiyyə xidmətlərinin öyrənilməsinin nəticələrini nəzərdən keçirmək, təkmilləşdiriləcək sahələri müəyyən etmək, təcrübə mübadiləsi aparmaq, milli məktəb səhiyyə sistemlərinin qiymətləndirilməsi sorğusundan istifadə təcrübəsini öyrənmək, ÜST Avropa Regionunun digər ölkələrində istifadə üçün onu daha da təkmilləşdirmək məqsədilə əsas tövsiyələrin əlaqələndirilməsi məqsədi daşıyıb.
Adı çəkilən 9 ölkənin nümayəndələri yekun toplantıda ölkələrində keçirilmiş tədqiqatın nəticələrini bölüşüblər və növbəti addımları müzakirə ediblər.
Qeyd edək ki, 2020-ci ildə ÜST-nin Avropa və Rusiya Federasiyası üzrə Regional Ofisi 9 Şərqi Avropa və Mərkəzi Asiya ölkəsində (Şərqi Avropa və Mərkəzi Asiyada məktəb təbabəti şəbəkəsinin inkişaf etdirilməsi üzrə Rusiya-ÜST layihəsinin bir hissəsi kimi) milli məktəb sağlamlıq sistemlərinin qiymətləndirilməsi üçün araşdırmaya başlayıb. Tədqiqatın məqsədi ölkələrə mövcud milli tənzimləyici çərçivələrin qiymətləndirilməsində, eləcə də onların keyfiyyətinin yaxşılaşdırılmasında məktəblərdə səhiyyə xidmətlərinin göstərilməsinə dəstək olmaqdır.