Milli Məclisin beş komitəsində dövlət büdcəsi müzakirə edilib
![Milli Məclisin beş komitəsində dövlət büdcəsi müzakirə edilib](/uploads/posts/2021-12/1638873466_w_1616367105472761139601_1000x669.jpg)
Milli Məclisin Səhiyyə, Mədəniyyət, İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildiyinə görə, iclasda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub.
İclası açan Milli Məclisin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Azərbaycanın bütün bu uğurlarının əsasında iqtisadi inkişafın və onun hərəkətverici qüvvəsi olan dövlət büdcəsinin dayandığını vurğulayıb, 5 komitənin bu birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəyə çıxarılmasını bu cəhətdən əlamətdar adlandırıb.
Büdcə layihəsini təqdim edən maliyyə naziri Samir Şərifov bildirib ki, 2022-ci ilin dövlət büdcəsində keçən ilə nisbətən gələn il üçün büdcə xərcləri artırılaraq 29 milyard 879 milyon manat məbləğində təklif olunur. Bu da gələn il üçün proqnozlaşdırılan ÜDM-in 34,5 faizinə bərabərdir. Cari ildə olduğu kimi, növbəti ildə də dövlət büdcəsinin prioritet xərclərində işğaldan azad olunmuş ərazilərin bərpa və yenidən qurulması, Silahlı Qüvvələrimizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, dövlətimizin milli təhlükəsizliyinin gücləndirilməsi, dövlət sərhədlərinin etibarlı qorunması kimi məsələlərə xüsusi önəm verilib.
Növbəti ilin büdcəsində səhiyyəyə ayrılan vəsaitin yenə prioritet xərc istiqaməti kimi qaldığını deyən nazir bildirib ki, bu məbləğ 1 milyard 789 milyon manat təşkil edəcək. Bu, cari ilə nisbətən 119 milyon manat çoxdur.
Samir Şərifov qeyd edib ki, son 5 ildə səhiyyə üzrə xərclərin ümumdaxili məhsulda payı artıb. Bu sahədə xərclərin məbləği mütləq ifadədə 2,5 dəfə artıb. Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 63 faizi icbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlətin öhdəliklərinin yerinə yetirilməsinə sərf ediləcək. Həmçinin gələn il koronavirus pandemiyası ilə mübarizəyə vəsait ayrılması da səhiyyə xərclərində yer alıb.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov palatanın 2022-ci ilin Dövlət Büdcəsinə dair hazırladığı rəyini təqdim edib. Rəydə büdcənin icra olunacağı makro mühitin əsas parametrlərinə uyğun təhlillər aparılıb.
Birgə iclasda 2022-ci ilin Dövlət Büdcəsi layihəsi ilə bağlı Milli Məclisin komitə sədrləri Əhliman Əmiraslanov, Hicran Hüseynova, Bəxtiyar Əliyev, Qənirə Paşayeva, komitələrin sədr müavinləri Fazil Mustafa, Məlahət İbrahimqızı, Sahib Alıyev, deputatlar Etibar Əliyev, Şahin Seyidzadə, İlham Məmmədov, Sevil Mikayılova, Soltan Məmmədov, Rauf Əliyev, insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış ediblər.
Çıxışçılar 2022-ci ilin təklif olunan dövlət büdcəsini qalib ölkənin qalib büdcəsi kimi xarakterizə ediblər. Sahələr üzrə xərclərin artırılmasını təqdirlə qarşılayıblar. Bəzi sahələr üzrə vəsaitlərin artırılması ilə bağlı fikirlərini bildiriblər. Tibbi tədqiqatların, onkoloji xəstələrin diqqətdə saxlanılması, dərman sektorunun sağlamlaşdırılması, şəhid ailələri, qazilər, hərbi qulluqçuların, uşaqların sosial müdafiəsinin gücləndirilməsi, elmin və təhsilin keyfiyyətinin yüksəldilməsi, mədəniyyət sahələrinin dəstəklənməsi kimi istiqamətlərlə bağlı rəy və təkliflərini səsləndiriblər.
Sonra maliyyə naziri Samir Şərifov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, səsləndirdikləri sualları cavablandırıb.
Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilmək üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.