Uşaqlara həkim təyinatı olmadan vitamin vermək müxtəlif fəsadlara səbəb olur

Uşaqlara həkim təyinatı olmadan vitamin vermək müxtəlif fəsadlara səbəb olur
Payız-qış mövsümündə, soyuq aylarda immunitet zəifləyir. Eyni zamanda məktəblərin və bir sıra iri ticarət mərkəzlərinin açılışı, bağçalarda kütləviliyin artması uşaqlarda infeksiyalara yoluxma sayına təsir göstərir. Nəzərə almaq lazımdır ki, güclü immun sisteminə malik olmaq üçün uşaqlar düzgün və sağlam qidalanmalıdırlar. Körpələr mümkün qədər ana südü ilə qidalandırılmalı, böyük uşaqlar isə balanslaşdırılmış qidalardan yararlanmalıdırlar. Həmçinin uşaqların təmiz havada olması olduqca faydalıdır.
Bu fikirləri Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova uşaq sağlamlığı haqqında çıxışı zamanı deyib.
Mütəxəssis bildirib ki, həkim məsləhəti olmadan uşaqlara vitamin verilməsi düzgün yanaşma deyil: “Həkim təyinatı olmadan uşaqların vitamin qəbul etməsi müxtəlif fəsadlara səbəb ola bilər. Valideynlər vitamin verməklə övladlarının immun sistemini gücləndirə biləcəklərini düşünürlər. Lakin bəzi vitaminlər orqanizmə yüklənib qalır və nəticədə ciddi fəsadlara səbəb olur. Uşaqlarda mütəmadi müşahidə edilən mədə-bağırsaq pozuntularının başlıca səbəblərindən biri məhz budur. Misal üçün, mədənin qastrit xəstəliyi bəzən həkim resepti olmadan qəbul edilmiş vitaminlərdən qaynaqlanır”.
A.Zeynalovanın dediyinə görə, son illər uşaqlar arasında mədə-bağırsaq sistemi xəstəliklərinin yayılması halları artıb: “Belə ki, 13 yaşa qədər uşaqlarda mədə-bağırsaq sistemi xəstəlikləri 2010-cu ildə 35 954 halda qeydə alınmışdısa, ötən il bu göstərici 42 490 olub. Rəqəmlərdən də göründüyü kimi, uşaqlar arasında mədə-bağırsaq xəstəliklərində artım var. Eyni zamanda 2010-cu ilin statistikasına əsasən, 13-18 yaşlı uşaqlarda həmin xəstəliklər üzrə göstərici 45 min təşkil edirdisə, 2020-ci ildə 57 592-yə çatıb. Mədə-bağırsaq sistemi xəstəliklərinin artmasına səbəb düzgün həyat tərzinin təbliğ edilməməsi və qeyri-düzgün qidalanmadır. Uşağa yalnız yeyə biləcəyi miqdarda yemək vermək, onun üçün düzgün və planlaşdırılmış qida rasionu təşkil etmək lazımdır”.
Səhiyyə Nazirliyinin əməkdaşı vurğulayıb ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının risk qrupuna daxil olan 12 yaşdan yuxarı uşaqların COVID-19 əleyhinə peyvəndlənməsi tövsiyə edilir: “Uşaqlarda piylənmə, anadangəlmə ürək qüsurları, xroniki ağciyər və böyrək xəstəlikləri koronavirus üçün risklidir. Ona görə də belə uşaqların peyvəndlənməsi məsləhətdir. Azərbaycanda uşaqların peyvəndlənməsi “Pfizer” vaksini ilə, hər iki valideynin icazəsi olduğu halda aparılır.
Mütəxəssis bildirib ki, uşaqlarda peyvəndlərin doza sayı və əks-göstəriş qaydaları böyüklərdə olduğu kimidir: “Yəni uşaqlar da peyvənd olunarkən onların iki doza alması vacibdir. Peyvəndləmədən sonra müşahidə olunan yan təsirlərdə də heç bir fərq yoxdur”.
Aynurə Zeynalova həmçinin deyib ki, uşaqlara COVID-19 xəstəliyini anlaşıqlı dildə, həssas yanaşaraq, yaşlarına uyğun şəkildə izah etmək lazımdır: “Uşaqların əlyuma gigiyenasının əhəmiyyətini dərk etməsi çox vacibdir. Onlara, ilk növbədə, gigiyena qaydaları öyrədilməli, əlləri 20 saniyədən az olmayaraq düzgün yumaq qaydası izah edilməlidir”.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova