Səhiyyə və Təhsil Nazirliklərinin birgə məlumatı
Azərbaycan Respublikasının Səhiyyə və Təhsil Nazirlikləri təhsil müəssisələrində yeni növ koronavirus infeksiyası (COVID-19) ilə bağlı vəziyyət haqqında iki məlumat yayıb.
Bildirilir ki, Nazirlər Kabinetinin tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair müvafiq qərarına əsasən, sentyabrın 22-dən I-IV, sentyabrın 29-dan isə V-XI siniflər üzrə, eləcə də bütün təhsil müəssisələrində əyani tədrisə başlanılıb. Bu müddət ərzində təhsil müəssisələrində tədris prosesi xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edilib. Ümumtəhsil məktəblərində çalışan təhsil işçilərinin 80 faizdən çoxu COVID-19-a qarşı hər 2 doza vaksin olunub.
Sumqayıt şəhər sakini, Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əsgərov Kamil İslam oğlunun xəstəliyinin gedişi və ölüm səbəbi barədə açıqlama verilən məlumatda yeniyetmənin son klinik diaqnozunun COVID-19, ikitərəfli pnevmoniya, kəskin tənəffüs çatışmazlığı, alimentar piylənmə olduğu qeyd edilir, bildirilir ki, aparılan kliniki müalicə tədbirlərinə baxmayaraq o, hospitalizasiyanın növbəti günü kəskin ürək-tənəffüs çatışmazlığından vəfat edib.
Məlumat verilir ki, həmin məktəbdə, həmçinin şagirdin oxuduğu sinifdə COVID-19 infeksiyasına yoluxma halı qeydə alınmayıb.
Məlumatda həmçinin deyilir ki, COVID-19 infeksiyasına yoluxmuş xəstələrdə alimentar piylənmənin olması, eləcə də qanda şəkər miqdarının yüksək olması xəstəliyin gedişatına çox mənfi və ağırlaşdırıcı təsir edir. Eyni zamanda xəstənin 5 gün müddətində xəstəxanaya müraciət etməməsi və ev şəraitində müalicə olunması gedişata mənfi təsir göstərib.
Nazirliklərin birgə məlumatında həmçinin bildirilib ki, müvafiq qaydalara uyğun olaraq məktəblərdə koronavirusa yoluxma qeydə alındığı halda Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya mərkəzlərinin rəyi əsasında lokal bağlanmalar barədə qərar qəbul edilir. Belə ki, ölkə üzrə tədrisə başlanılan tarixdən indiyədək 4 432 ümumtəhsil müəssisəsindən 19 məktəb (0,4 faiz), 89 674 sinifdən 505 sinif (0,6 faiz) distant tədris formasına keçirilib. Bu siniflərdən 72-də əyani təhsil forması artıq bərpa edilib. Hazırda 433 sinif distant formada tədrisə davam edir.
İndiyədək 1 595 108 şagirddən 3477-si (0,2 faiz), məktəblərdə çalışan 229 871 nəfər heyətdən 2 494-ü (1 faiz) COVID-19-a yoluxub. I-IV siniflər üzrə yoluxma sayı 637 nəfər, V-IX siniflər üzrə 1755 nəfər, X-XI siniflər üzrə yoluxma sayı isə 898 nəfər təşkil edib.
Səhiyyə və Təhsil Nazirlikləri cari epidemioloji vəziyyəti, şagirdlər arasında yoluxma hallarını nəzərə alaraq valideynlərə müvafiq tibbi göstərişləri olan 12 yaşdan yuxarı yeniyetmələri vaksinasiyaya cəlb etmələrini tövsiyə edib. Yeniyetmələrin vaksinasiyası hər iki valideynin razılığına əsasən Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir.
Koronavirusun daha yoluxucu "Delta" ştamının gündəmdə olması, bundan əlavə, mövsümlə əlaqədar havanın dəyişməsi epidemiyanın daha geniş yayılması riskini artırır. Belə olan halda xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır. Bunları nəzərə alaraq, Səhiyyə Nazirliyi hər 2 doza vaksin olunmuş müəllimlərin ikinci dozadan 6 ay keçdikdən sonra üçüncü gücləndirici doza ilə peyvəndlənməsini zəruri hesab edir.
Məlumatda həmçinin qeyd olunur ki, hazırda ümumtəhsil məktəblərində tədris prosesi müvafiq qaydalara uyğun şəkildə davam etdirilir və yaxın həftələrdə bütün təhsil müəssisələrinin distant tədris formasına keçidi planlaşdırılmır. Ənənəvi tədrisin davamlı olmasını təmin etmək üçün sosial məsafəni gözləmək, sanitar-gigiyena qaydalarına əməl etmək önəmlidir. Növbəti həftələrdə də yoluxma halları baş verdikdə siniflərin, daha kütləvi yoluxma olduğu təqdirdə isə məktəblərin distant təhsilə keçirilməsi prosesi davam etdiriləcək və bu barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.