Səhiyyə Nazirliyi ilə BMT strukturları arasında əlaqələr diqqət mərkəzində
Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev BMT-nin Azərbaycandakı nümayəndəliyinin rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb.
Səhiyyə Nazirliyində keçirilən görüşdə COVID-19 mövzusuna toxunan tərəflər Azərbaycanın pandemiya ilə mübarizədə uğurlu tədbirlər gördüyünü vurğulayıblar. Həmçinin Azərbaycanın peyvəndləmə səviyyəsi baxımından öndə gedən ölkələr sırasında olduğu qeyd edilib.
Ölkədə tibbi xidmətlərin rəqəmsallaşdırılmasının uğurla davam etdirilməsi, yoluxucu xəstəliklərə qarşı mübarizə, habelə ilkin səhiyyə xidmətlərinin genişləndirilməsi, tibbi təhsilin perspektivləri və digər məsələlər də müzakirə olunub.
Vladanka Andreyeva 44 gün davam etmiş Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə səhiyyə sisteminin qurulmasına və inkişafına BMT-nin dəstək verməyə hazır olduğunu bildirib.
Görüş əsnasında Səhiyyə Nazirliyi ilə BMT-nin strukturları arasında əlaqələrin daha da gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb.