Səhiyyə Nazirliyində BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəsi ilə görüş keçirilib
![Səhiyyə Nazirliyində BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəsi ilə görüş keçirilib](/uploads/posts/2021-11/1636016287_163480523722660207_1000x669.jpg)
Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP)Azərbaycanda fəaliyyət müddəti başa çatan rezident nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Alessandro Frakassetti bildirib ki, Azərbaycanda fəaliyyəti zamanı onun rəhbərlik etdiyi qurum BMT-nin İnkişaf Proqramı çərçivəsində 30-a yaxın layihə həyata keçirib. Onların sırasında o, dərman vasitələrinin satınalma və çatdırılma prosesini, “Ölkədə tibbi təchizat sisteminin gücləndirilməsində Səhiyyə Nazirliyinə dəstək” proqramını xüsusi vurğulayıb.
Teymur Musayev öz növbəsində tərəflərin uğurlu əməkdaşlığını və BMTİP-nin Azərbaycanda İİV/QİÇS infeksiyası ilə mübarizədə xüsusi rolunu vurğulayıb. O, COVID-19 pandemiyası dövründə Azərbaycana dərman və tibb ləvazimatlarının gətirilməsi ilə bağlı təchizatda yaranan çətinlikləri qeyd edərək, bu problemlərin aradan qaldırılmasında hər iki tərəfin uğurlu səylərini xatırladıb.
Görüşdə problemlərin aradan qaldırılmasında səmərəli əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
BMTİP-nin növbəti rəhbərliyi ilə əməkdaşlığın yüksək səviyyədə davam edəcəyinə əminlik ifadə edən Teymur Musayev Alessandro Frakassettiyə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.