Səhiyyə sistemində baş mütəxəssis təsisatının fəaliyyəti təkmilləşdirilir
![Səhiyyə sistemində baş mütəxəssis təsisatının fəaliyyəti təkmilləşdirilir](/uploads/posts/2021-10/1633691247_sn-01.jpg)
Beynəlxalq təcrübəyə əsaslanaraq tibbi innovasiyaların tətbiqi, tibb elminin nailiyyətlərinin təhlili, xəstəliklərin diaqnostikası və müalicə metodlarının müəyyənləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyində tibbin sahələri üzrə mütəxəssis-ekspertlərin fəaliyyəti təşkil ediləcək. Onlar səhiyyə sistemində təbabət sahələri üzrə baş mütəxəssisləri əvəz edəcəklər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, indiyədək mövcud olan baş mütəxəssis təsisatının mütəxəssis-ekspertlərlə əvəz olunmasında əsas məqsəd müraciət hallarının daha operativ şəkildə araşdırılması, şəffaflığın, səmərəliliyin yüksəldilməsi və bu sahədə beynəlxalq standartların tətbiqindən ibarətdir.
Mütəxəssis-ekspertlərin vəzifələrinə tibbin müvafiq sahələrinin təkmilləşdirilməsinə yönəlmiş inkişaf strategiyalarını hazırlamaq, tibbi innovasiyaların öyrənilməsində və onların praktikada tətbiqində iştirak etmək, səhiyyə müəssisələrinə təşkilati-metodik və konsultativ yardım göstərmək və digər məsələlər aiddir.
Qeyd edək ki, mütəxəssis-ekspertlər elmi dərəcəsi olan ixtisaslı həkimlər arasından seçilir və səhiyyə naziri tərəfindən 3 il müddətinə təyin olunurlar.