Professor Tamerlan Əliyevin 100 illiyinə həsr olunmuş veb-konfrans keçirilib
![Professor Tamerlan Əliyevin 100 illiyinə həsr olunmuş veb-konfrans keçirilib](/uploads/posts/2021-10/1633690781_16323152213941328341_1000x669.jpg)
Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, professor Tamerlan Əziz oğlu Əliyevin 100 illiyinə həsr olunmuş Tibb tələbələrinin və gənc alimlərin beynəlxalq konfransı keçirilib. Onlayn formatda təşkil olunan konfransda Azərbaycan, Türkiyə, Özbəkistan, Almaniya, Belçikadan olan gənc alimlər, tələbələr, həkimlər, o cümlədən ATU-nun və Naxçıvan Dövlət Universitetinin (NDU) müəllim və tələbələri iştirak ediblər.
Tədbirdə universitetin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov böyük alimin elmi fəaliyyəti haqqında ətraflı məlumat verib. Sonra NDU-nun Tibb fakültəsinin dekanı Elsevər Əsədov, ATU-nun professoru Amaliya Əyyubova, Türkiyə Yeditepe Universitetinin Ginekologiya kafedrasının müdiri, professor Erkut Ettar çıxış edərək, professor T.Əliyevin həyatı və elmi fəaliyyətindən, tibb elminə verdiyi töhfələrdən söhbət açıblar.
Konfransda müasir təbabətin aktual problemlərinə həsr olunmuş elmi araşdırmalar dinlənilib.
Almaniyadan Mehdi Əhmədpur, Cəlal Salatayi, Belçikadan professor Halid Topal, Özbəkistandan Sidiq Xocayevin təqdim etdiyi məruzələr iştirakçıların böyük marağına səbəb olub. Həmçinin konfransın yüksək səviyyədə təşkili təqdirəlayiq hesab edilib.