Almaniya Azərbaycana tibbi maskalar ianə edib

Almaniya Azərbaycana tibbi maskalar ianə edib

Almaniya Federativ Respublikası tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinə ianə edilən 300 min tibbi maska Dövlət Gömrük Komitəsinə təhvil verilib.
Bu yardım Almaniya hökumətinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə yeni növ koronavirus (COVID-19) pandemiyasının təsirinə məruz qalmış ölkələr üçün ayırdığı 121 milyon maska tədarükünün tərkib hissəsidir. Həmin tibbi ləvazimatdan 926 min ədəd tibbi maska Azərbaycana göndərilib.
Təhvil-təslim mərasimində ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı qeyd edib ki, pandemiya başlayandan COVID-19-a qarşı mübarizədə iştirak edən səhiyyə işçiləri və humanitar təşkilatların, eləcə də hökumət tərəfdaşları və maraqlı tərəflərin təhlükəsizliyinin təmin edilməsi ÜST üçün əsas prioritetə çevrilib: "Almaniya hökumətinin yardımı hazırkı şəraitdə ictimai səhiyyə və sosial tədbirləri genişləndirməyə kömək edəcək, səhiyyədə fövqəladə hallara hazırlığın artırılmasında rol oynayacaq".
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev göstərilən yardıma görə Almaniya hökuməti və Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyinə təşəkkürünü bildirib, pandemiya başlayandan bəri Azərbaycan Respublikasının ÜST ilə sıx təmasda olduğunu vurğulayıb. Komitə sədri pandemiya başlayandan Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün görülmüş operativ tədbirlərdən danışıb. Bildirib ki, pandemiyanın ilk günlərindən ölkənin bütün gömrük-sərhəd buraxılış məntəqələri gücləndirilmiş iş rejiminə keçirilib, hazırda sanitar-profilaktik və dezinfeksiya tədbirləri xüsusi rejimdə davam etdirilir. Qeyd olunub ki, Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Hospitalı koronavirusla mübarizədə öz işini tamamilə yenidən quraraq, hələ ötən ilin iyunundan yalnız koronaviruslu xəstələri qəbul etməyə başlayıb. Hazırda orada koronavirusun müalicəsi üçün hərtərəfli şərait yaradılıb, xəstələrə peşəkar tibbi personal xidmət göstərir.
Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq COVID-19-la mübarizədə çoxtərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Almaniya peyvəndlərə, diaqnostikaya və maska kimi tibbi vasitələrə ədalətli, şəffaf və əlverişli şəkildə əlçatanlığı təmin etmək öhdəliyinə sadiqdir. Almaniya bəzi dövlətlərdən fərqli olaraq, bu öhdəliyi siyasi şərtlərlə əlaqələndirmir, uzunmüddətli perspektivdə regional sağlamlığı təmin etmək arzusundadır və qazanılan təcrübəni gələcəkdə istifadə etmək məqsədilə ÜST-nin güclənməsi üçün çağırış edir.
Bildirilib ki, Almaniya hökuməti dünyada 100 milyon peyvənd dozasının paylanması daxil olmaqla, koronavirusla mübarizəyə 2,2 milyard avro dəyərində töhfə verərək qlobal səyləri dəstəkləyir.
Almaniya hökumətinin ÜST vasitəsilə Azərbaycana ianə etdiyi daha 300 min tibbi maska COVID-19 infeksiyası ilə mübarizəyə dəstək məqsədilə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə təhvil verilib.
Bu münasibətlə keçirilən tədbirdə ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, tibb xidməti generalı Rəfail Mehdiyev iştirak ediblər və təhvil-təslim aktını imzalayıblar.
Məlumata əsasən, təhvil alınan tibbi maskalar səhiyyə işçilərinin və pandemiya dövründə mübarizənin ön cəbhəsində əhali ilə birbaşa təmasda olan şəxslərin istifadəsi üçün yerli tərəfdaşlar arasında paylanılacaq.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova