Milli Məclisin payız sessiyasının ilk plenar iclası keçirilib
Milli Məclisin 2021-ci ilin payız sessiyasının ilk plenar iclasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra deputatlar Birinci və İkinci Qarabağ müharibələrində, digər döyüş əməliyyatlarında Vətən və xalq yolunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra parlamentin sədri Sahibə Qafarova bu ilin yaz və növbədənkənar sessiyalarının yekunları və beynəlxalq əlaqələr barədə məlumat verib. Milli Məclisin sədri o cümlədən Parlament sədrlərinin V Dünya Konfransında iştirak etmək üçün Avstriyada işgüzar səfərdə olduğunu, konfrans çərçivəsində “COVID-19 pandemiyasına qlobal cavab multilateralizmin insanlara yardımını çətinləşdirir" mövzusunda toplantı keçirildiyini deyib. Orada çıxış edərək, pandemiyanın qarşısının alınması ilə bağlı ölkəmizin irəli sürdüyü beynəlxalq təşəbbüslər və həyata keçirdiyi tədbirlər barədə məlumat verdiyini söyləyib.
Sonra plenar iclasın gündəliyi təsdiq olunub və gündəlikdəki məsələlərin müzakirəsinə başlanıb.
Əvvəlcə Milli Məclisin 2021-ci il payız sessiyasının 12 bənddən ibarət qanunvericilik işləri planına baxılıb. Müzakirələrdən sonra qəbul olunan plana səhiyyə ilə bağlı məsələ - “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi də daxil edilib.
Deputatlar “Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı”nı müzakirə və qəbul ediblər.
Gündəlikdəki digər məsələlərdən biri Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu arasında Sazişlə bağlı idi. Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib ki, Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin Əhali Fondu arasında 2019-cu il mayın 31-də və iyunun 21-də imzalanmış məktublar mübadiləsi formasında bağlanmış sazişin təsdiq edilməsi haqqında qanun layihəsi Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olub. Qeyd edilib ki, BMT-nin Əhali Fondu reproduktiv sağlamlıq və reproduktiv hüquqlar üzrə ixtisaslaşmış aparıcı qurumdur. Azərbaycanda fəaliyyət göstərdiyi 27 il ərzində təşkilat əhalinin gender və reproduktiv sağlamlıq hüquqlarının təmin edilməsi, ailə planlaşdırılması, məişət zorakılığının və gender əsaslı ayrı-seçkiliyin aradan qaldırılması, demoqrafik inkişaf, gənclərin iştirakçılığı və digər sahələr üzrə hökumət, özəl və ictimai sektordan olan tərəfdaşları ilə birlikdə əməkdaşlıq şəraitində müxtəlif layihələr həyata keçirib və bu gün də fəaliyyətini davam etdirir.
Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəyindən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.
İclasda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, nəzərdə tutulan dəyişiklik icbari tibbi sığorta ilə əhatə olunmayan və dövlət tibb müəssisələri üzrə əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinin təsdiq edilməsinin hüquqi əsasının yaradılması məqsədilə hazırlanıb. Qanuna edilən əlavəyə əsasən, "Tibbi sığorta haqqında" Qanuna uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan təsdiq edir.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Daha sonra komitə sədri Əhliman Əmiraslanov Mülki Məcəllədə, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə birinci oxunuşda məlumat verib. Bildirilib ki, qanun layihəsi səhiyyədə icbari tibbi sığortanın tətbiqinin maliyyə dayanıqlığının təminatı və icbari tibbi sığorta haqlarının müəyyən məsələləri ilə bağlı hazırlanıb.
Deputatlar Fəzail Ağamalı, Səttar Möhbalıyev, Etibar Əliyev sənəd barədə öz fikirlərini söyləyiblər.
Komitə sədri Əhliman Əmiraslanov səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Milli Məclisin payız sessiyasının ilk plenar iclasında digər məsələlərə də baxılıb.