ATU Türkiyənin Selçuk Universiteti ilə elmi əməkdaşlığı genişləndirir
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Türkiyənin Selçuk Universitetinin nümayəndə heyəti ilə görüşüb.
Rektor ATU-nun son illər ərzində beynəlxalq əlaqələrinin genişlənməsi haqqında məlumat verərək, xüsusilə qardaş Türkiyənin bir çox universitetləri ilə müxtəlif ikitərəfli memorandumlar imzalandığını qeyd edib: “Bu il bir neçə Türkiyə universitetinin nümayəndə heyətləri, rəhbərləri qonağımız olub. Sevindirici haldır ki, imzalanan müqavilələr əsasında əməkdaşlığımız bir qədər də canlanıb. Selçuk Universiteti ilə də sıx əməkdaşlıq əlaqəmiz var. Bizdə yeni açılan ixtisaslar üzrə təhsil alan tələbələrimiz üçün göndərdiyiniz dərsliklərdən istifadə edirik. Eləcə də kitabxanamızda xüsusi guşə yaradılıb”.
Professor qeyd edib ki, hazırkı əməkdaşlığın gələcəkdə elmi istiqamətdə də davam etməsi üçün yaxşı potensial var: “Bildiyiniz kimi, təbabətdə elmi işlərin klinik araşdırmaları olur, bəzən bunu bir deyil, bir neçə ölkə çərçivəsində həyata keçirmək lazım gəlir. Bu baxımdan, universitetimizin çox geniş imkanları var. Belə ki, 6 fakültəmiz, 4 klinikamız - Onkoloji, Tədris Stomatoloji, Tədris Terapevtik və Tədris Cərrahiyyə klinikalarımız fəaliyyət göstərir. Universitetin ərazisi, demək olar ki, kampus formatındadır, yəni infrastruktur əlverişlidir”.
Selçuk Universiteti rektorunun köməkçisi, xarici tələbələr üzrə koordinator, professor İlhan Çiftci qəbula görə minnətdarlığını bildirərək, qarşılıqlı əlaqələrin hər iki tərəf üçün faydalı olduğunu və gələcəkdə daha da genişləndirilməsinin zəruriliyi fikri ilə razılaşdığını vurğulayıb.