Azərbaycan Qırğızıstana və Tacikistana vaksin göndərib
Azərbaycan COVAX proqramı çərçivəsində humanitar yardım kimi Qırğızıstana 40 min doza “AstraZeneca” vaksini göndərib.
“Manas” beynəlxalq hava limanında humanitar yardımın təhvil verilməsi mərasimində Qırğızıstanın xarici işlər nazirinin müavini Adaxan Madumarov və digər şəxslər iştirak ediblər.
Mərasimdə çıxış edən A.Madumarov Qırğızıstanda epidemioloji vəziyyətin çətin olduğu bir dövrdə humanitar yardım üçün dost Azərbaycana minnətdarlıq bildirib. O deyib ki, bu addım ölkələrimiz arasında qardaşlığın təzahürüdür.
Humanitar yardımın ayrılması ilə bağlı razılıq Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayevin bu il iyulun 1-3-də Azərbaycana səfəri zamanı əldə olunub.
Xatırladaq ki, ötən ilin aprelində COVID-19-la mübarizə tədbirləri çərçivəsində Azərbaycan Qırğızıstana 64 ton humanitar yardım göndərmişdi.
Azərbaycandan digər humanitar yardım Tacikistana olunub. Bu ölkəyə də COVID-19-a qarşı 40 min doza “AstraZeneca” vaksini göndərilib.
Düşənbə hava limanında vaksinin Tacikistan tərəfinə təhvil verilməsi mərasimində bu ölkədəki səfirliyimizin müşaviri Vüqar İbrahimov, Tacikistan Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin idarə rəisi Novruz Cəfərov və digər rəsmi şəxslər iştirak ediblər. Bildirilib ki, istifadə olunana qədər vaksinlər nazirliyin xüsusi anbarında saxlanacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri