“Neonatoloji və pediatrik qidalanmaya multidissiplinar yanaşma”
Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Səhiyyə Nazirliyinin Neonatal Xidmətin Təkmilləşdirilməsi Komissiyası, Elmi Tədqiqat Pediatriya İnstitutu, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu və “Uptodate in Medicine” təşkilatının birgə əməkdaşlığı ilə “Neonatoloji və pediatrik qidalanmaya multidissiplinar yanaşma” adlı onlayn konfrans keçirilib.
Üçgünlük tədbirdə Türkiyə və Azərbaycandan 200-dək həkim iştirak edib.
Konfransda Səhiyyə Nazirliyinin neonatologiya üzrə baş mütəxəssisi Rüstəm Hüseynov “Ana südü ilə qidalanma ilə nekrotik enterokolit arasında əlaqə” mövzusunda maraqlı məruzə ilə, Bakı şəhərinin baş allerqoloqu, professor Lalə Allahverdiyeva “COVID-19-un pediatrik problemləri” adlı aktual təqdimatla çıxış ediblər. Həmçinin Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi Erkin Rəhimovun, Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının professoru Vəli Əsmətovun, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Ginekologiya şöbəsinin müdiri Fatimə Hacıyevanın, Elmi Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Azər Əhmədovun və digərlərinin məruzələri dinlənilib.
Tədbirdə “Uşaqlarda həzm sistemi orqanlarının funksiyalarına təsir edən preparatların farmakologiyası”, “Nevroloji xəstəliklərdə qidalanmanın rolu”, “Uşaqlarda reflüks xəstəliyi”, “Uşaqlarda dəmir defisitli anemiyalar” və digər mövzular müzakirə olunub.
Məruzəçilər iştirakçı həkimlərin ünvanladıqları suallara aydınlıq gətiriblər.
“Neonatoloji və pediatrik qidalanmaya multidissiplinar yanaşma” onlayn konfransı Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 18 Davamlı Tibbi Təhsil kredit balı ilə dəyərləndirilib.