Türkiyənin Lokman Hekim Universitetinin nümayəndə heyəti Milli Məclisdə olub
![Türkiyənin Lokman Hekim Universitetinin nümayəndə heyəti Milli Məclisdə olub](/uploads/posts/2021-08/1628083333_16266067123474415040_1000x669.jpeg)
Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin Lokman Hekim Universitetinin (LHU) nümayəndə heyəti Milli Məclisdə bir neçə millət vəkili ilə görüşüb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva ilə görüşdə iki ölkə arasında mədəniyyət, təhsil, o cümlədən tibb təhsili də daxil olmaqla, ən müxtəlif sahələr üzrə əməkdaşlığın hər keçən gün daha da inkişaf etməsindən məmnunluq ifadə olunub. 44 günlük Vətən müharibəsində və müharibədən sonra Azərbaycanla Türkiyə arasında qardaşlıq, dostluq və qonşuluq münasibətlərinin xüsusi səviyyəyə qalxdığı qeyd edilib.
Q.Paşayeva Şuşa Bəyannaməsinin bu baxımdan tarixi hadisə olduğunu vurğulayıb: “Şuşa Bəyannaməsində mədəniyyət, elm, təhsil və digər bir çox sahələrdə əməkdaşlığın ən yüksək səviyyəyə qaldırılması kimi mühüm məsələlər də əhatə olunub. Ümidvaram ki, LHU kimi önəmli təhsil və elm ocaqlarının da bu planda öz töhfələri olacaq”.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov da Lokman Hekim Universitetinin nümayəndə heyəti ilə görüşüb.
Rəşad Mahmudov Azərbaycanla Türkiyə arasında gündən-günə inkişaf edən çoxşaxəli əlaqələrdən danışıb. Səhiyyə komitəsinin sədr müavini son illərdə ölkəmizdə səhiyyənin inkişafı istiqamətində aparılan islahatlar, görülən işlər, əldə olunmuş nailiyyətlər, komitənin fəaliyyəti barədə məlumat verib.
Nümayəndə heyətinin üzvləri - LHU-nin rektoru professor Bülent Gümüşel, Universitetin İdarə Heyətinin sədri Mehmet Altuğ, rektorun müşaviri professor Ayşe Karaduman, universitetin Səhiyyə elmləri fakültəsinin və tibb bacısı şöbəsinin müdiri professor Fatma Öz, Əczaçılıq fakültəsinin dekanı professor Belma Gümüşel səfərin iki ölkə arasında tibb və səhiyyə sahələrində əməkdaşlığın daha da genişləndirilməsi məqsədi daşıdığını vurğulayıblar.
Görüşlərdə Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev iştirak edib.