Azərbaycan ilə Rusiya arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair yenilənmiş saziş imzalanıb
Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.
Əvvəlcə Rusiyanın nümayəndə heyəti Azərbaycan Respublikasının səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayevlə birlikdə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.
Şəhidlər xiyabanına gələn Rusiyalı qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, “Əbədi məşəl” kompleksinin önünə əklil qoyublar.
Rusiya nümayəndə heyəti həmçinin “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksini ziyarət edib. İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə həyatlarını itirmiş qəhrəmanların xatirəsi ehtiramla yad olunub, kompleksin önünə əklil və gül qoyulub.
Rusiya səhiyyə nazirinin Azərbaycana səfəri çərçivəsində Səhiyyə Nazirliyində rəsmi görüş keçirilib.
Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayevlə Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun başçılıq etdiyi nümayəndə heyətinin görüşündə həmçinin Rusiya tərəfdən Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Azərbaycan tərəfdən səhiyyə nazirinin müavinləri, digər rəsmi şəxslər iştirak ediblər.
Toplantını giriş sözü ilə açan Teymur Musayev ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın 2001-ci il 18 iyun tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyası Səhiyyə Nazirliyi arasında 16 maddədən ibarət “Səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq Sazişi” çərçivəsində həyata keçirildiyini xatırladıb.
Səhiyyə nazirinin birinci müavini ölkələrimiz arasında əməkdaşlığın uğurlu olmasını vurğulayıb, pandemiyaya qarşı mübarizədə göstərdiyi dəstəyə, koronavirus infeksiyasını aşkarlamaq üçün testlərin və “Sputnik V” vaksininin verilməsinə görə Rusiya tərəfinə minnətdarlığını bildirib.
Ötən yay Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun ölkəmizə səfər etdiyini və yeni növ koronavirus infeksiyası sahəsində çalışan mütəxəssislər qrupunun gəldiyini xatırladan T.Musayevin sözlərinə görə, rusiyalı mütəxəssislərin dəyərli tövsiyələri ölkəmizdəki epidemioloji vəziyyətin sabitləşməsinə öz töhfəsini verib.
Teymur Musayev həmçinin 2015-ci il sentyabrın 15-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının açılış mərasiminin olduğunu xatırladıb. O qeyd edib ki, Rusiyanın beynəlxalq reytinqdə ən yaxşı tibb universitetinin ilk filialının məhz Azərbaycanda açılması Prezident İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycanın Birinci vitse-prezidenti, Seçenov Universitetinin məzunu və fəxri professoru Mehriban Əliyevanın təşəbbüsü sayəsində reallaşıb.
Öz növbəsində Rusiyanın səhiyyə naziri Mixail Muraşko söyləyib ki, ölkələr arasında səhiyyə sahəsində əməkdaşlıq Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın qərarlarına uyğun olaraq həyata keçirilir. Rusiya Səhiyyə Nazirliyinin rəhbəri birinci buraxılışı bu il olmuş İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyətini xüsusi vurğulayıb.
Daha sonra Teymur Musayev və Mixail Muraşko “Səhiyyə və tibb elmi sahəsində yenilənmiş əməkdaşlıq Sazişi”ni imzalayıblar.
Sənəd “Rusiya Federasiyası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında səhiyyə sektorunda əməkdaşlığın prioritet sahələrinin inkişafına dair 2021-2024-cü illər üçün Yol xəritəsi”ni özündə ehtiva edir.
Yol xəritəsi infeksion və qeyri-infeksion xəstəliklər, tibb işçilərinin ixtisaslarının təkmilləşməsi, tədqiqat institutları arasında birbaşa əlaqələrin qurulması, elmi tibb müəssisələri və icmalar arasında əlaqələrin qurulması və sair əməkdaşlıq sahələrini əks etdirir.
Bundan əlavə, sənəddə təbabətin və əczaçılığın inkişafı sahəsində məlumat mübadiləsi, prioritet sağlamlıq mövzularında seminarların keçirilməsi, mütəxəssis mübadiləsi və sair tədbirlər əks olunub.
Qeyd edək ki, Yol xəritəsi Rusiya Federasiyası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən öz səlahiyyətləri çərçivəsində tərtib edilib. Sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2021-ci il aprelin 27-də Moskvada imzalanmış 19-cu iclasının Protokolunu həyata keçirmək məqsədi daşıyır.