Əksər sanatoriyalarda ümumi vəziyyət qənaətbəxşdir
![Əksər sanatoriyalarda ümumi vəziyyət qənaətbəxşdir](/uploads/posts/2021-07/1625224777_16249619452502519857_1000x669.jpg)
Səhiyyə Nazirliyinin tabeliyində 11 sanator tipli müəssisə var, bunlardan 3-ü vərəm, digərləri somatik tipli sanatoriyalardır.
Bu barədə Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova sanator tibb müəssisələrində keçirilən monitorinqlərin nəticəsi barədə danışarkən məlumat verib.
O bildirib ki, monitorinqlər zamanı bir sıra müəssisələrdə ümumi sanitar-gigiyenik qaydalara tam riayət olunmadığı, həmçinin tibbi sənədləşmənin aparılmasında bəzi nöqsanlar aşkar edilib. Bununla bağlı müəssisə rəhbərlərinə tövsiyələr verilib.
A.Zeynalova deyib ki, aparılmış monitorinqlərin nəticələri Səhiyyə Nazirliyində təhlil ediləcək və bunun əsasında müvafiq tədbirlər həyata keçiriləcək.
Nazirlik rəsmisi onu da qeyd edib ki, monitorinq zamanı əksər sanatoriyalarda ümumi vəziyyət qənaətbəxş olaraq qiymətləndirilib. O nəzərə çatdırıb ki, somatik sanatoriyalar uşaqları yaş qrupları üzrə qəbul edir: “Məsələn, Respublika Uşaq Sanatoriyası 0-17 yaş, 3 nömrəli Uşaq Somatik Sanatoriyası 6-14 yaş, 4 nömrəli Uşaq Somatik Sanatoriyası 6-16 yaş üzrə uşaqları qəbul edir. Uşaqlar sanatoriyaya ərazi üzrə uşaq poliklinikalarından göndəriş alaraq (076 forma) müraciət edə bilərlər. Yalnız 6 yaşadək uşaqların və sağlamlıq imkanları məhdud olan 2-17 yaşlı uşaqların sanatoriyada anaları ilə birgə qalmasına icazə verilir. Sanatoriyalara əsasən xroniki xəstəlikləri olan (yuxarı tənəffüs yollarının, dayaq-hərəkət sisteminin, mədə-bağırsaq sisteminin xəstəlikləri, uşaq serebral iflici, dəmir defisitli anemiyanın yüngül formaları olan, anamnezdə tez-tez xəstələnən və s.) uşaqlar qəbul olunur. Uşaqlar burada fizioterapevtik prosedurlar, müalicəvi bədən tərbiyəsi, vitaminoterapiya, su prosedurları, masaj, iqlim terapiyası kimi müalicəvi prosedurlar alırlar. Valideynlərin nəzərinə çatdırmaq istərdim ki, xroniki xəstəlikləri olan uşaqlar ildə iki dəfə sanatoriyalarda müalicə ala bilərlər”, – deyə Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib.
Qeyd olunub ki, uşaqların müalicə ala biləcəyi sanatoriyalar 7 nömrəli Uşaq Nevroloji Sanatoriyası, 3 və 5 nömrəli Uşaq Vərəm Sanatoriyaları, 1, 3, 4, 5 və 6 nömrəli Uşaq Somatik Sanatoriyaları, Respublika Uşaq Sanatoriyası, Sanator-Kurort Reabilitasiya Mərkəzi və Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasıdır.