İdman qidalarının idxalına və satışına nəzarət gücləndiriləcək
Səhiyyə Nazirliyi, Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə idman qidalarının, bioloji aktiv qida əlavələrinin dövriyyəsi və istifadəsi ilə bağlı nəzarət mexanizmlərinin gücləndirilməsinə həsr edilmiş görüş keçiriblər.
Səhiyyə Nazirliyinin və AMADA-nın birgə təşəbbüsü ilə təşkil olunan tədbirdə Səhiyyə Nazirliyinin, onun Analitik Ekspertiza Mərkəzinin, AMADA-nın və AQTA-nın nümayəndələri iştirak ediblər.
İclasda çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev bioloji fəallığa malik qida əlavələrinin nəzarətsiz istifadəsinin insan orqanizminə vura biləcəyi zərər və təhlükələr haqqında məlumat verib, məsələnin aktuallığına diqqət çəkib.
AMADA-nın direktoru Şəfəq Hüseynli bioloji aktiv qida əlavələrinin tərkibinə xüsusi nəzarət sisteminin yaradılmasının vacibliyini vurğulayıb, bunun təmiz idman dəyərlərinin və idmançıların sağlamlığının qorunması baxımından da əhəmiyyətli olduğunu qeyd edib.
AQTA-nın aparat rəhbəri Elxan Mikayılov isə bu cür maddələrin daxili istehsalına nəzarətin gücləndirilməsinin vacibliyinə diqqət çəkib.
Görüşdə həmçinin bioloji aktiv qida əlavələrinin qeydiyyatı, ölkəyə idxalı, keyfiyyətə nəzarət mexanizmləri və pərakəndə satışı ilə bağlı mövcud vəziyyət, habelə effektiv nəzarət mexanizminin formalaşması üçün qanunvericiliyin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Bioloji fəallığa malik qida əlavələrinin idxalı və satışına nəzarəti gücləndirmək üçün monitorinq və yoxlama tədbirlərinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.