Azərbaycan ilə Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılıq etdiyi və işçi qrupun üzvləri Eldar İbrahimov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Eldar Quliyev, Ramin Məmmədov, Ağalar Vəliyev, Səttar Möhbalıyevin daxil olduğu parlament nümayəndə heyəti Türkiyəyə səfər edib.
Səfər çərçivəsində nümayəndə heyəti Türkiyənin səhiyyə naziri Fahrettin Koca ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri, səhiyyə sahəsində əməkdaşlıq, birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Eyni zamanda, yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirlərinin nəticələrindən bəhs olunub.
Bildirilib ki, Azərbaycan və Türkiyə yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə nəzərəçarpan uğurlar qazanan ölkələr sırasındadır. Hər iki ölkədə virusa qarşı peyvəndləmə sürətlə aparılır.
Milli Məclisin nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin (TBMM) Səhiyyə, ailə, əmək və sosial məsələlər komissiyasının sədri Rəcəb Akdağ ilə də görüşüb.
Görüşdə Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi, eləcə də parlamentlərin müvafiq komissiyaları arasındakı münasibətlərdən bəhs olunub, əlaqələrin inkişafı yüksək dəyərləndirilib, təcavüzkar Ermənistan üzərində qazanılan şanlı Zəfərimiz iftixarla xatırlanıb, Qələbədən sonrakı dövrdə səhiyyə sahəsində əməkdaşlığın qarşıya qoyduğu mühüm vəzifələrdən danışılıb.
Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi, yeni xəstəxana və bərpa-sağlamlıq mərkəzlərinin yaradılması, həmçinin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri barədə geniş məlumat verən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu sahədə əməkdaşlıq əlaqələrini yüksək dəyərləndirib. Prezident, Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu şanlı Qələbənin qazanılmasında Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə dövlətinin və xalqının sərgilədiyi siyasi-mənəvi dəstəyi tarixi hadisə kimi dəyərləndirən Əhliman Əmiraslanov bildirib ki, qardaş ölkədə təhsil alan və çalışan azərbaycanlı həkimlərin Vətən müharibəsində ölkəmizə qayıdaraq qəhrəman övladlarımıza şəfa verməsi əməkdaşlıq münasibətlərimizin ən parlaq nümunəsidir.
Parlaq hərbi Zəfərə görə təbriklərini çatdıran TBMM komissiya sədri Rəcəb Akdağ bildirib ki, Azərbaycanın varlığını özü qədər sevən Türkiyə xalqı Qarabağın işğalına heç vaxt biganə qalmayıb. Azərbaycanın müstəqilliyinin qorunması və inkişafı, səhiyyə sahəsində qazandığı uğurlar Türkiyədə böyük rəğbətlə qarşılanır.
Komissiya sədri COVID-19 infeksiyası ilə mübarizə tədbirləri və Türkiyədə görülən işlər, bu sahədə Azərbaycanla əməkdaşlıq, eləcə də virusa qarşı yerli peyvəndin hazırlanması məsələlərinə dair geniş məlumat verib.
Görüşdə səhiyyə sahəsində əməkdaşlıq yüksək qiymətləndirilib, perspektivlərə dair səmərəli fikir mübadiləsi aparılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Xəbəri paylaş