Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü
2008-ci ildən başlayaraq, hər il aprelin 2-si Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü kimi qeyd olunur.
BMT Baş Assambleyası bu barədə 2007-ci il dekabrın 18-də qətnamə qəbul edib. Həmin günün qeyd olunması XXI əsrin qlobal problemlərindən sayılan bu xəstəlikdən əziyyət çəkənlərə kömək etmək və onların həyat səviyyəsini yüksəltmək məqsədi daşıyır.
Araşdırmalara görə, sinir sisteminin inkişafının pozulması nəticəsində yaranan autizmdən dünya əhalisinin təxminən 1 faizi, yəni 70 milyon insan əziyyət çəkir. Xəstəliyin əlamətləri 2 yaşdan etibarən özünü büruzə versə də, ən dəqiq diaqnoz 3 yaşında, əsasən üç əlamət - qarşılıqlı sosial əlaqələrin çatışmazlığı, kommunikasiyanın və marağın məhdudluğu, təkrarlanan davranış pozuntusu əsasında qoyulur. Valideynlər isə həmin əlamətləri daha erkən hiss edə bilərlər. Əksər hallarda nitq və davranışda qeyri-adiliklə, pozuntularla müşayiət olunan autizm məhdud davranışlara aparıb çıxaran, beynin inkişafına təsir edən bir xəstəlikdir.
Autizmin müxtəlif növləri var. Bunlardan ən geniş yayılmışlar Asperger sindromu, atipik autizm və uşaq autizmidir. İnkişafda ləngimələr, stereotip hərəkətlər, ünsiyyətdə, ətraf mühiti anlamaqda problemlər və s. kimi əlamətlərlə özünü göstərən uşaq autizminin dəqiq səbəbləri hələ də elmə məlum deyil. Əvvəllər onu valideynlərin diqqətsizliyi və ya uşaqlara vurulan peyvəndlərlə əlaqələndirirdilər, lakin araşdırmalar bunu təkzib etdi.
Xəstəliyin dərəcəsindən asılı olaraq autizm xəstələrinin çoxu tam məhsuldar həyat sürə bilərlər.
II Beynəlxalq Autizm ABA Azərbaycan konfransı
Ümumdünya Autizm haqqında Məlumatlandırma Günündə Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, “Regional İnkişaf” və “Birgə və Sağlam” ictimai birliklərinin təşkilatçılığı ilə II Beynəlxalq Autizm ABA Azərbaycan konfransı keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, BP Azərbaycan, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Sosial Xidmətlər Agentliyinin tərəfdaş olduğu onlayn konfransda dünyanın müxtəlif ölkələrindən tanınmış mütəxəssislər, müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Konfransın açılış mərasimində səhiyyə nazirinin müavini Rahim Əliyev çıxış edərək bildirib ki, bütün dünyada, o cümlədən ölkəmizdə martın 29-dan aprelin 4-nə kimi Ümumdünya Autizm haqqında Maarifləndirmə Həftəsi qeyd edilir və bütövlükdə aprel ayı autizm haqqında maarifləndirməyə həsr olunur. R.Əliyev vurğulayıb ki, bu tədbirlərin əsas məqsədi əhalini, xüsusən gənc ailələri bu xəstəlik haqqında daha ətraflı məlumatlandırmaqdır: “Autizm əlamətlərinin erkən yaşlarda aşkarlanması və müalicəyə cəlb olunması böyük əhəmiyyət daşıyır. Erkən müdaxilə autizm əlamətləri olan insanlara qabiliyyətlərini artırmağa, istedadlarını aşkarlamağa və onlara potensiallarından düzgün istifadə etməyə imkan yaradır”.
Konfransda iştirak edən hökumət və qeyri-hökumət nümayəndələrinin çıxışlarında qeyd olunub ki, autizm spektr pozuntularına ildən-ilə daha çox rast gəlinməsi bu sahədə daha geniş maariflənməni və cəmiyyətin bütün təbəqələrinin bu işdə fəallığını zəruri edir.
İkigünlük konfransda dünyanın müxtəlif ölkələrindən tanınmış mütəxəssis və ekspertlərin autizm spektr pozuntuları olan şəxslərdə müxtəlif bacarıqların inkişafını təmin edən ABA (Tətbiqi Davranış Analizi) terapiya üsulu ilə bağlı məruzələri dinlənilib, iştirakçıların sualları cavablandırılıb.
Konfrans Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 14 DTT kredit balı ilə qiymətləndirilib.
Hər autizmli uşaq üçün fərdi müalicə seçilir
Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Gülnarə Musabəyova Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü ilə əlaqədar onlayn müsahibəsində əvvəlcə xəstəlik haqqında məlumat verib:
- Autizm üç yaşdan əvvəl başlayan və ömür boyu sürən, ictimai əlaqələrə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran, beynin inkişafına maneə törədən bir psixi pozuntudur. Onun risk amillərinə valideynlərin yaşı, ananın psixi və fiziki sağlamlığı, ekoloji faktorlar və s. aid edilir. Elmi tədqiqatlar göstərir ki, autizm spektrli pozuntuların əmələ gəlməsində irsi faktorun böyük əhəmiyyəti var. Son illərdə autizm hallarına diqqət artıb, xəstəliyin diaqnostikası xeyli yaxşılaşdırılıb. Bu spektrli pozuntular oğlanlarda qızlara nisbətən 4 dəfə çox rast gəlinir. Hazırda uşaq autizmi "ümumi inkişaf pozuntusu" kimi təsnif edilir. Autizm spektrli pozuntusu olan uşaqlar həkimlərin, psixopedaqoqların, loqopedlərin, psixoloqların və təbii ki, valideynlərinin xüsusi diqqətinə ehtiyac duyurlar.
- Valideynlər uşaqlarının autizmli olduğunu hansı yaşda və necə anlaya bilərlər?
- Hər bir valideyn autistik pozuntular barədə məlumatlı olmalıdır. Autizmli uşaq bir neçə spesifik xüsusiyyətlərə görə tanınır: uşaq anası və digər yaxınları ilə təmasda olmur; tez-tez eyni hərəkətləri təkrarlayır; maraq dairəsi məhduddur; uşağın davranışı çox vaxt dağıdıcıdır: aqressivdir, qışqıra bilər, özünə zərər verə bilər və s.
Bir qayda olaraq, autistik əlamətlər 3 yaşına qədər özünü göstərir. Bəzən valideyn uşağın digər sağlamlıq problemlərindən – nitq inkişafı ləngiməsindən və ya eşitmə zəifliyindən şübhələnir. Autistik pozuntuların ilk əlamətləri fərqlidir və valideyn onlara daha tez diqqət yetirməlidir. Məsələn, uşaq passivdir, yüksək səslərdən qorxur və onlara alışmır, həmişə yeməkdə seçicidir, müəyyən bir rəng, dad və ya qoxulu yeməyi sınaması üçün uşağı inandırmaq mümkün deyil.
- Müalicə üçün ən uğurlu yaş aralığı hansıdır?
- Uşağın müalicəsi autistik əlamətlər aşkar edildiyi andan başlamalıdır. Hər bir uşaq üçün müalicə fərdi olaraq seçilir. Medikamentoz və qeyri-medikamentoz üsulların kompleks istifadəsi, bunların uşağın ailəsi ilə psixo-edukasiya və sosial iş ilə birgə aparılması müalicənin əsas prinsipidir. Autizmin dərman müalicəsi indiyə qədər mübahisəli məsələ olaraq qalır. Erkən yaşlardan başlanan psixososial müdaxilələr, o cümlədən ABA-terapiya (tətbiqi davranış analizi), TEACCH (autistik əlil uşaqlar üçün kommunikasiya, müalicə və təhsil), CBT (koqnitiv davranış terapiyası) və s. bir çox uşaqlarda müsbət nəticə verir.
- Autizmli xəstələrin müalicəsi kim tərəfindən və necə aparılır?
- Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əmrinə əsasən, 2014-cü ildən etibarən, uşaq poliklinikalarında həkim-psixiatr kabineti fəaliyyət göstərir. Autizmin ilk əlamətlərinə şübhə olduqda həkimə müraciət edilməsi vacibdir. Bundan sonra təlim planı hazırlanır. Yüksək kompleks terapiyanın effektivliyi yalnız multidissiplinar komandanın (psixiatrlar, psixopedaqoqlar, loqopedlər, psixoloqlar, bədən tərbiyəsi üzrə müəllimlər, sosial işçilər və digərləri) birgə fəaliyyəti zamanı özünü göstərir.
Qeyd etmək lazımdır ki, son illər ərzində bu istiqamətdə dövlətimiz tərəfindən böyük işlər görülüb. 2016-cı ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Lənkəran şəhəri Uşaq Poliklinikasının nəzdində ilk Psixi sağlamlıq bölməsi açılıb. Sonra isə Səhiyyə Nazirliyinin əmrlərinə əsasən başqa regionlarda (Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Quba, Şirvan) analoji bölmələr yaradılıb. Bu xidmətlərin uğurlu fəaliyyəti onunla nəticələndi ki, psixi pozuntusu olan uşaqlar, həmçinin autizmdən əziyyət çəkənlər yaşayış yeri üzrə psixi sağlamlıq sahəsində multidissiplinar qrup tərəfindən xidmət almaq imkanı əldə etdilər.
- Bu xəstəlikdən tamamən sağalmaq mümkündürmü?
- Autizm ümumi inkişafın pozuntusu olaraq sosial qarşılıqlı fəaliyyət, məhdud maraqlar, kommunikasiya və təkrarlanan hərəkətləri ilə xarakterizə olunur. Autist uşaqlarda bu əlamətlər həyatı boyu aşkar edilir. Lakin müəyyən korreksiyalar aparmaq mümkündür. Belə uşaqların güclü tərəfləri istifadə olunmalı, inkişaf etdirilməlidir. Xəstəlik uşaqda nə qədər tez aşkarlanarsa, göstərilən yardımlar bir o qədər daha effektiv olur. Qeyd etmək lazımdır ki, autist uşağı tərbiyə etmək ailə üçün böyük stresdir və ona da dəstək lazımdır.
- Erkən diaqnoz üçün valideynlərə nə tövsiyə verə bilərsiniz?
- İlk növbədə, mütəxəssislərin erkən müdaxiləsi çox önəmlidir. Valideynlərin övladlarına qarşı diqqətli olması, onlara davranışı idarə etməyi, sosial qarşılıqlı münasibətləri, oyun vərdişlərini, ünsiyyət öyrətməsi və emosional təmasda olması vacibdir. Valideyn üçün ən böyük nailiyyət övladının davranışının öz davranışından asılı olduğunu başa düşməsidir. Bu mərhələdə valideynlər uşağın davranışını tənzimləməlidirlər. Cəmiyyətimiz hamılıqla autist uşaqların çətinliklərini qiymətləndirərək, onlara qarşı tələbləri və ətraf mühiti elə dəyişdirməlidir ki, digər uşaqlar kimi, onlara da xoşbəxtlik və uğurlu həyat yaşaması üçün imkan yaransın.