Psixoloji mərkəzlər qazilərə və şəhid ailələrinə xidmət göstərir

Psixoloji mərkəzlər qazilərə və şəhid ailələrinə xidmət göstərir

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, professor Fuad İsmayılov onlayn müsahibəsində qazilər və şəhid ailələrinə xidmət göstərən Psixoloji mərkəzlərin fəaliyyəti haqqında məlumat verib.

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə, Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji dəstək məqsədilə xüsusi Komissiya yaradılıb. Hərbçilərə və şəhid ailələrinə psixoloji yardım göstərəcək mərkəzlərin təşkili barədə göstərişlər verilib. Bu mərkəzlər hansı ərazilər üzrə fəaliyyət göstərir?
- Hazırda Bakı şəhərində və bölgələrdə bütün mərkəzlər fəaliyyətə başlayıb. Bu vacib, genişmiqyaslı iş Nazirlər Kabinetinin qərarından sonra iki ay müddətində öz həllini tapdı. Bildiyiniz kimi, bu qərarın həyata keçirilməsinə rəhbərlik Səhiyyə Nazirliyinə həvalə olunub. Nazirlik tərəfindən Psixi Sağlamlıq Mərkəzinin başçılığı ilə koordinasiya qrupu yaradılıb. Mütəxəssis seçimi, müəssisə seçimi, təlimlərin təşkili, elektron baza məlumatlarının işlənməsi, digər dövlət qurumları ilə əməkdaşlığın koordinasiyası və hesabat sistemi kimi mühüm addımlardan ibarət fəaliyyət planı hazırlanıb. Bu müddət ərzində Fövqəladə Hallar Nazirliyi (FHN), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və digər dövlət strukturlarının nümayəndələri ilə çoxsaylı görüşlər keçirilib. Görülən işlərin nəticəsində martın 15-dən psixoloji yardım mərkəzləri qazi və şəhid ailələrinə xidmət göstərməyə başlayıb.
Psixoloji yardım mərkəzləri Ağdam, Şəki, Şirvan, Lənkəran və Quba şəhərlərində mərkəzi xəstəxanaların ambulator şöbələrində yaradılıb. Həmin mərkəzlər Gəncədə 6 saylı Şəhər Poliklinikasında (ŞP), Sumqayıtda 3 saylı ŞP-da yerləşir. Bakı şəhəri üzrə psixoloji yardım mərkəzləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının nəzdində, Xətai rayonu 7 saylı ŞP, Yasamal rayonu 16 saylı ŞP və Qaradağ rayonu 19 saylı Birləşmiş Şəhər Xəstəxanasında fəaliyyət göstərir. Bununla yanaşı, Psixi Sağlamlıq Mərkəzinin mütəxəssisləri aktiv şəkildə psixoloji yardım göstərməkdə iştirak edirlər. Bütün mərkəzlərin iş prinsipi ərazi üzrə işlənib, yəni hər mərkəz yaxın rayonlarda yaşayan qazilərə yardım göstərir.

- Bu mərkəzlərə necə müraciət etmək olar?
- İstənilən müraciət edən qaziyə və şəhid ailəsi üzvünə yardım göstərilir. Həmçinin onlar digər dövlət qurumları tərəfindən də yönləndirilə bilər. Məsələn, FHN-nin 112 qaynar xətt xidməti oraya müraciət edən şəxsi psixoloji yardım mərkəzinə yönləndirə bilər. Eyni zamanda, yönləndirməni ərazi poliklinikası, sosial xidmətlər və digər qurumlar da yerinə yetirir.

- Bu gün neçə qazimiz bu mərkəzlərdə müalicə alır?
- Hazırda müxtəlif müəssisələr tərəfindən həftədə təxminən 500 qaziyə yardım göstərilir. Bunların üçdəiki hissəsini ilkin, üçdəbirini təkrar müraciətlər təşkil edir. Müasir prinsiplərə əsasən, 3 növ psixoloji yardım xidməti təqdim olunur - təcili və ya ilkin psixoloji yardım FHN mütəxəssisləri tərəfindən, orta müddətli yardım Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən, uzun müddətli yardım (psixososial reabilitasiya) isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəssisələrində göstərilir.

- Sonda gələcək planlar barədə məlumat vermənizi xahiş edirik.
- Fikrimcə, aktiv psixoloji yardım və pasiyentlərin sağalma prosesi nəticəsində bu yardıma tələbat azalacaq. Daha az qazimizin bu psixoloji yardıma ehtiyacı olacaq. Eyni zamanda, qazilərin bir hissəsinin uzunmüddətli psixoloji dəstəyə ehtiyacı qalacaq. Cəmiyyətdə həmişə psixoloji çətinliklərlə üzləşən çox insan var. Perspektivdə bu mərkəzlər həmin şəxslərə aktiv şəkildə yardım göstərə bilər. Fikrimcə, tək böyük şəhərlərdə deyil, ölkənin hər rayonunda psixoloji yardım mərkəzləri yaradılmalıdır.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova