Azərbaycanda “İmmunlaşdırma həftəsi” keçirilir
![Azərbaycanda “İmmunlaşdırma həftəsi” keçirilir](/uploads/posts/2021-05/1620299018_poster-immunizasiya.jpg)
Azərbaycanda “İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə Səhiyyə Nazirliyinin əmri imzalanıb.
Sənəd Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 2006-cı ildən etibarən ÜST-nin Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi” kampaniyasının ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Əmrdə aprelin 26-dan mayın 2-dək Azərbaycanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin təşkili Səhiyyə Nazirliyinin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılır, digər tibb idarə və müəssisələrinin rəhbərlərinə tövsiyə edilir.
Hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, COVID-19 infeksiyasına görə epidemioloji vəziyyəti nəzərə alaraq uşaqların kütləvi axınının qarşısının alınması məqsədilə onların peyvəndlərə növbəli dəvət olunması, əhalinin bu barədə maarifləndirilməsi kimi mühüm məsələlər də sənəddə öz əksini tapıb.
Qeyd edək ki, aprelin 24-dən 30-dək dünya miqyasında Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir. Hər il ÜST-nin təşəbbüsü ilə aprelin ikinci yarısında keçirilən bu kampaniya 100 milyondan artıq uşağı difteriya, tetanus və göyöskürəkdən qorumaq məqsədilə aparılır. Əvvəllər yalnız qərb ölkələrini əhatə edən həmin tədbir Avropa İmmunlaşdırma Həftəsi adlanırdı, lakin sonradan digər dünya ölkələri də həmin təşəbbüsə qoşuldular.
ÜST-nin məlumatına görə, immunlaşdırma hər il difteriya, tetanus, göyöskürək, parotit və məxmərəkdən ölüm hallarının sayını 2-3 milyonadək azaltmağa imkan verir. Göstərilən səylər nəticəsində vaxtında peyvənd edilən uşaqların sayı getdikcə artır. Məsələn, 2000-2016-cı illər ərzində qızılcaya qarşı aparılan peyvəndlər sayəsində xəstəlikdən ölüm hallarının sayı dünyada 84 faiz azalıb.