Azərbaycana Çin vaksinlərinin növbəti partiyası gətirilib
Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndinin növbəti partiyası - 500 min doza vaksin Azərbaycana gətirilib.
Bu yüklə Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edən təyyarəni Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Viktor Qasımov, Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qo Min və digər rəsmi şəxslər qarşılayıblar.
Bildirilib ki, bu, ölkəmizə Çinlə Azərbaycan arasında imzalanmış müqaviləyə əsasən gətirilən ilk COVID-19 vaksini partiyasıdır. Beynəlxalq aləmdə peyvəndlərin ədalətsiz şəkildə bölüşdürüldüyü bir zamanda vaksin ölkəmizə vaxtında gətirilib.
Səfir Qo Min vurğulayıb ki, 1992-ci il aprelin 2-də Çin və Azərbaycan arasında diplomatik əlaqələrin qurulması hər iki ölkənin tarixində yeni vacib bir səhifə açıb. Bu münasibətlərin 29-cu ildönümü ərəfəsində Çindən Azərbaycana COVID-19 əleyhinə peyvəndlərin ilk partiyasının gətirilməsi xüsusi əhəmiyyət kəsb edir. Son illərdə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Prezident İlham Əliyevin şəxsi qayğısı və dəstəyi sayəsində ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri sürətlə inkişaf edir, siyasi sahədə qarşılıqlı etimad daim möhkəmlənir. Xüsusilə 2020-ci ildə pandemiya baş verdikdən sonra Çin və Azərbaycan yaranan çətinliklərin öhdəsindən gəlmək üçün bir-birlərinə kömək etdilər, güclü mənəvi dəstək və vaxtında maddi yardım göstərdilər, mühüm təcrübə ilə paylaşdılar. Atalar sözündə də deyildiyi kimi, "Dost yaman gündə tanınar".
Səfir qeyd edib ki, hazırda pandemiyaya qarşı qlobal mübarizədə kritik bir mərhələdir. Peyvəndlərin çatışmazlığı, qeyri-bərabər paylanması, bu sahədə proteksionizm və ikili standartlar geniş yayılıb. Çin COVID-19 xəstəliyi əleyhinə peyvəndlərin bütün dünya üçün əlçatan olmasına layiqli töhfə verəcəyini vəd edən ilk ölkə olub. Pandemiyanı ən qısa müddətdə məğlub etmək, bu işdə Azərbaycana kömək etmək naminə Çin hökuməti yaxın vaxtlarda ölkəmizə təmənnasız olaraq yeni partiya Çin peyvəndi gətirəcək və Çindən peyvəndlərin alınmasında Azərbaycan tərəfini qətiyyətlə dəstəkləyəcək.
“Pandemiyaya qarşı mübarizədə Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməyə, bəşəriyyət üçün ümumi səhiyyə birliyinin qurulmasında səyləri birləşdirməyə, Çin ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə qaldırmağa hazırıq”, - deyə səfir Qo Min vurğulayıb.
Mərasimdə çıxış edən səhiyyə nazirinin müavini Viktor Qasımov deyib: “Azərbaycan Çinlə səmərəli əməkdaşlıq edir və bu gün biz bunun bariz nümunəsini görürük”. Virusla mübarizədə ən effektiv üsulun peyvəndləmə olduğunu söyləyən nazir müavini hazırda ölkəmizdə 550 mindən çox insanın peyvənd edildiyini bildirib. O qeyd edib ki, vaksinasiyanı sürətləndirmək üçün 5 milyon dozalıq peyvəndin mərhələli şəkildə gətirilməsi prosesi davam edir: “Bu gün bunlardan 500 min doza gətirildi. Sürətli peyvəndləmə davam etsə, ölkədə epidemioloji vəziyyət stabilləşə bilər”.